Azərbaycanda aztəminatlı ailələrin evlərinin sığorta haqlarının dövlət büdcəsi hesabına ödənilməsi proseduru dəyişib

Azərbaycanda aztəminatlı ailələrin evlərinin sığorta haqlarının dövlət büdcəsi hesabına ödənilməsi proseduru dəyişib
# 13 avqust 2016 23:12 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi Qaydası”nda dəyişikliklər edib.

APA-nın məlumatına görə, sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsinə maliyyə yardımı Azərbaycan Respublikasının hər il üçün dövlət büdcəsi haqqında Qanununda nəzərdə tutulmuş maliyyə yardımları həddində ayrılır və Maliyyə Nazirliyinin xüsusi hesabında saxlanılır.

İndiyə qədər aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin sığortalanması üzrə müvafiq icbari sığorta müqavilələri bağlamış sığortaçı həmin müqavilələrdə nəzərdə tutulan sığorta haqlarını dövlət büdcəsi vəsaitləri hesabına almaq üçün tərtib olunan rüblük hesabatı Maliyyə Nazirliyinə təqdim edib. Dəyişikliyə əsasən bundan sonra bu halda sığortaçı həmin müqavilələrdə nəzərdə tutulan sığorta haqlarını dövlət büdcəsi vəsaitləri hesabına almaq üçün tərtib olunan rüblük hesabatı Maliyyə Nazirliyinə deyil, Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edəcək.

Bundan əvvəl Maliyyə Nazirliyi hesabata Maliyyə Nazirliyinə daxil olduğu tarixdən 25 iş günü müddətində baxıb və sığorta haqlarının ödənilməsindən imtina halları aşkar edilmədikdə, həmin müddətdə müvafiq sığorta haqlarını sığortaçıya məxsus bank hesabına köçürmə yolu ilə ödəyib. Dəyişikliyə əsasən isə bundan sonra bu sahədə Maliyyə Nazirliyini əvəzləyən Palata hesabata Palataya daxil olduğu tarixdən 10 iş günü müddətində baxacaq. Palata sığorta haqlarının ödənilməsindən imtina halları aşkar etmədikdə, sığorta haqlarının müvafiq sığortaçıya ödənilməsi üçün rəyin əks olunduğu müraciəti Maliyyə Nazirliyinə ünvanlayacaq. Maliyyə Nazirliyi müraciət daxil olduğu tarixdən 15 iş günü müddətində müvafiq sığorta haqlarını sığortaçıya məxsus bank hesabına köçürəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR