SOCAR və "Uzbekneftegaz" arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb

SOCAR və "Uzbekneftegaz" arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb
# 18 may 2016 14:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Daşkənddə 20-ci Özbəkistan Neft-Qaz yubiley sərgi-konfransının açılışında iştirak edib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, 26 ölkədən 200-dən çox şirkətin qatıldığı sərgidə dünyanın nüfuzlu enerji qurumları sırasında SOCAR da təmsil olunur. Şirkətin prezidenti R. Abdullayev sərgi çərçivəsində bir sıra rəsmi görüşlər keçirib.

Tədbirdə iştirak edən Bolqarıstanın baş naziri Boyko Borisovla görüşdə Daşkəndə Salonikidən gəldiyini bildirən R. Abdullayev Trans-Adriatik boru kəmərinin (TAP) inşasına başlanılmasının Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında mühüm addım olduğunu söyləyib. B. Borisov TAP layihəsinin əhəmiyyətini vurğulayaraq, səhmdarlara, o cümlədən SOCAR-a uğurlar arzulayıb.

Özbəkistan Baş nazirinin birinci müavini Gulomjon İbragimov və “Uzbekneftegaz” Milli Holdinq Şirkəti İdarə Heyətinin sədri Alişer Sultanovla keçirilən görüşlərdə Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin inkişaf etdiyi qeyd olunub, enerji sektorunda əlaqələrin genişləndirilməsi perspektivləri, habelə tərəfləri maraqlandıran digər məsələlər haqqında ətraflı fikir mübadiləsi aparılıb. Özbəkistan nümayəndələri ilə görüşlər zamanı SOCAR və “Uzbekneftegaz” şirkətləri arasında potensial əməkdaşlıq imkanları dəyərləndirilib. Tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə istəklərini bəyan edib və bu istiqamətdə konkret fəaliyyət məsələlərini nəzərdən keçiriblər.

Səfər çərçivəsində SOCAR-ın prezidenti R. Abdullayev və “Uzbekneftegaz” Milli Holdinq Şirkəti İdarə Heyətinin sədri A. Sultanov tərəfindən iki şirkət arasında əməkdaşlığın əsasını qoyan Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Memorandum şirkətlər arasında neft-qaz yataqlarının kəşfiyyatı, işlənilməsi və enerji sektorunun inkişafı üzrə digər potensial əməkdaşlıq sferalarını əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR