Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi Azərbaycanla bağlı təqdimat keçirib

Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi Azərbaycanla bağlı təqdimat keçirib
# 29 sentyabr 2016 15:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Filippinin Manila şəhərində sentyabrın 27-dən 29-dək keçirilən Ümumdünya Gömrük Təşkilatının Gömrük sahəsində Akademik Araşdırma və İnkişaf üzrə Tərəfdaşlıq Proqramının (PICARD) 11-ci Konfransı maraqlı təqdimatlar və dinamik müzakirələrlə əlamətdar olub.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) Katibi Mixail Kaşubskinin “Son nailiyyətlər və gələcək planlar” adlı təqdimatında isə bu qurumun Azərbaycanla bağlı fəaliyyətindən bəhs olunub.

M.Kaşubski öncə bildirib ki, INCU - ÜGT və digər təşkilatları gömrük işinin tədqiqatı və tədrisi sahəsində fəal olan universitetlərə və elmi-tədqiqat institutlarına çıxış üçün vahid əlaqə mənbəyi ilə təmin etmək məqsədilə 2005-ci ilin fevralında təsis edilib. Təşkilat həmçinin gömrük məsələləri ilə bağlı ictimai məlumatlılığı artırmaq, elm-tədrislə bağlı bu ixtisaslaşmış sahədə tədqiqatlara rəvac vermək və şərait yaratmaq məqsədini daşıyır. Şəbəkənin 200-dən artıq üzvü var.

2015-ci ilin sentyabrında INCU-nun Bakı Regional Ofisinin açılış mərasimindən söhbət açan INCU-nun katibi vurğulayıb ki, bir neçə il öncə Avropada regional ofis təsis etməyi düşündükdən və danışıqlar apardıqdan sonra ofisin Bakı şəhərində açılması qərara alınıb. Bu məsələdə Azərbaycan Gömrük Xidmətinin gömrük təhsilinə ən çox önəm verən administrasiyalardan biri olduğu nəzərə alınıb və bununla da INCU-nun ilk regional ofisi Bakı şəhərində açılıb.

INCU-nun elə ötən ilin oktyabrında Çinin Şanxay şəhərində təşkil etdiyi tələbələrin forumuna toxunan M.Kaşubski buradakı mövzulardan birinin məhz Bakı Regional Ofisinin iş proqramının hazırlanmasından ibarət olduğunu diqqətə çatdırıb.

Təmsil etdiyi təşkilatın Azərbaycan Gömrük Xidməti ilə əməkdaşlığının təsadüfi olmadığını qeyd edən katib onu da xatırladıb ki, 2014-cü ilin mayında “Bali sazişindən irəli gələrək ticarətin asanlaşdırılması: siyasətin gerçəkləşməsi” mövzusunda ilk qlobal konfrans da Bakı şəhərində INCU və Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub. Konfransa 65 ölkədən 200-dək nümayəndə, o cümlədən, iqtisadi elmlər üzrə 3 Nobel mükafatı laureatı qatılıb.

Sonra M.Kaşubski öz çıxışında INCU-nun Bakı Regional Ofisinin yeni təşəbbüslərindən - Təcrübə Proqramı, Təqaüd Proqramı və Mühazirələr Silsiləsi barədə məlumat verib.

INCU-nun 2016-cı il ərzində Azərbaycandakı fəaliyyətinə toxunan katib Bakı şəhərində yanvarın 26-28 tarixlərində “Beynəlxalq ticarət sövdələşmələri və sənədləşmə” mövzusunda seminarın, mayın 31-də “Multisektoral əməkdaşlıq: müasir dövrdə iqtisadiyyatın inkişafında gömrük xidmətinin rolu” mövzusunda konfransın, iyunun 29-dan iyulun 1-dək isə Qəbələ şəhərində Beynəlxalq Tələbə Konfransının təşkil edildiyini diqqətə çatdırıb.

Daha sonra M.Kaşubski INCU-nun Bakı Regional Ofisinin planları və INCU-nun 23 may 2014-cü il tarixində qəbul edilmiş Bakı Qətnaməsinin həyata keçirilməsi barədə ətraflı məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR