Bakı. Məlahət Nəcəfova - APA. Bu gün Azərbaycan və Ermənistanın Ukraynadakı icmaları arasında görüş olub.
APA-nın “news.am”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynadakı erməni icmasının rəhbəri Nikolay Koçaryan məlumat verib.
O bildirib ki, görüşdə 16 may tarixində Lvovda ermənilərlə azərbaycanlılar arasında baş vermiş kütləvi dava müzakirə edilib: “Görüşdük, barışdıq. Gələn həftə də görüşməyi və problemləri müzakirə etməyi planlaşdırırıq. Hazırda hər şey yaxşıdır”.
Xatırladaq ki, 12-15 may tarixlərində Ukraynanın Lvov şəhərində uşu-sando üzrə Avropa birinciliyi keçirilib. Həmin vaxt yarışda separatçı “Dağlıq Qarabağ”ın bayrağının qaldırılması üstündə ermənilərlə azərbaycanlı azarkeşlər arasında ermənilərin döyülməsi ilə nəticələnin kütləvi dava baş verib. Mayın 16-da isə bir qrup erməni azərbaycanlılara silahlı hücum edib, 6 azərbaycanlı gənc ağır yaralanıb.