Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə etmək üçün İrəvana səfər edib

Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə etmək üçün İrəvana səfər edib
# 21 aprel 2016 21:27 (UTC +04:00)

Bakı-APA. Rusiya XİN rəhbəri Sergey Lavrov Ermənistan prezidenti Serj Sarkisyan və XİN rəhbəri Edvard Nalbandyanla danışıqlar aparmaq üçün İrəvana iki günlük səfər edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, danışıqların əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi olacaq.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Lavrov İrəvana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müəyyən ideyalar təklif edəcək.

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov heç vaxt heç yerə əliboş getmir”, -deyə Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

“Söhbət müəyyən cızma-qaralardan, nizamlanmaya dair müxtəlif ideyaların müzakirəsindən gedir. Lakin bunun hansısa plan və ya sənəd olduğunu deyə bilmərəm. Rusiyalı nazir tərəflərin fikrini öyrənməyə gedir. Rusiyanın vasitəçilik missiyasının mahiyyəti də məhz budur”, deyə Zaxarova bildirib.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR