Prezident İlham Əliyev: “Malta Azərbaycan-Avropa İttifaqı əməkdaşlıq prosesinin fəal iştirakçısıdır”

Prezident İlham Əliyev: “Malta Azərbaycan-Avropa İttifaqı əməkdaşlıq prosesinin fəal iştirakçısıdır”
# 29 aprel 2016 11:50 (UTC +04:00)

APA-nın məlumatına görə, prezident İlham Əliyev maltalı həmkarı Mari-Luiz Koleyro Prekanın bu günlərdə Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirakını yüksək qiymətləndirib.

Malta prezidentinin səfəri zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlığın inkişafı, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı əlaqələri ətrafında da müzakirələrin aparıldığını qeyd edən dövlət başçısı Maltanın Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq prosesinin fəal iştirakçısı olduğunu vurğulayıb. Malta baş naziri Cozef Muskatın Azərbaycana ötənilki səfərini məmnunluqla xatırlayan prezident İlham Əliyev bu dəfə Malta xarici işlər nazirinin Bakıya səfərini əməkdaşlığımızın dinamik şəkildə davam etdirilməsinin göstəricisi kimi dəyərləndirib.

Azərbaycanla Malta arasında fəal tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu deyən dövlət başçısı bu əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib, Malta xarici işlər naziri Corc Vellanın ölkəmizə səfərinin mövcud əməkdaşlıq formatının möhkəmləndirilməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

C. Vella isə ölkəsinin prezidentinin Bakıya səfərindən və keçirdiyi görüşlərdən məmnun olduğunu deyib. Maltanın Azərbaycanla əlaqələri daha da genişləndirməkdə maraqlı olduğunu deyən C. Vella ikitərəfli münasibətlərin yalnız enerji deyil, hər iki ölkə üçün qarşılıqlı faydalı ola biləcək bir sıra digər sahələrdə möhkəmləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirib, bu istiqamətdə imkanların araşdırılmasının vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR