“Azəriqaz”: Nardaranın qaz təchizatı bərpa edilib

“Azəriqaz”: Nardaranın qaz təchizatı bərpa edilib
# 14 dekabr 2015 08:43 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələrlə şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib.

Onun sözlərinə görə, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən Nardaran qəsəbəsində texniki baxış keçirilən, müqaviləsi yenilənən və sayğac quraşdırılan mənzillərə təbii qazın verilişi dekabrın 12-dən bərpa edilib: “Təxminən, 500-dən çox abunəçi təbii qazla təmin olunub”.

İ. Kərbəlayev qeyd edib ki, qəsəbənin digər küçələrinə də qaz verilişi mərhələli şəkildə həyata keçiriləcək: “Hazırda digər küçələrdə qaz xətlərinin üzərində qeyri-qanuni birləşmələr əməkdaşlarımız tərəfindən ləğv olunur, mənzillərə texniki baxışlar keçirilir. Həmin təmizləmə işləri bitdikdə, abunəçilərlə yeni müqavilə bağlanıb, sayğaclar quraşdırıldıqdan sonra digər küçələrə də mərhələli şəkildə təbii qazın verilişi bərpa olunacaq”.

Xatırladaq ki, Nardaran əhalisinin təbii qaza görə dövlətə olan borcu isə 1,376 mln. manat təşkil edir. Bunun 387,33 min manatı 2013-cü il, 558,624 min manatı 2014-cü il, 450,363 min manat isə bu ilin 10 ayı üçün olub.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Bakının Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait ayrılması üçün sərəncam imzalayıb.

Həmçinin Azərbaycan hökuməti “Azərişıq” ASC, “Azərsu” ASC, “Azəriqaz” İstehsalat Birliyi və "Azəravtoyolservis” SC rəhbərlikləri qarşısında qəsəbənin sosial problemlərinin həlli istiqamətində konkret tapşırıqlar qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR