Bakıda “Amerika Günləri” festivalı çərçivəsində tədbir keçirilib

Bakıda “Amerika Günləri” festivalı çərçivəsində tədbir keçirilib
# 14 may 2016 14:23 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Bu gün Azərbaycan Dillər Universitetində “Amerika Günləri” festivalı çərçivəsində tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, Azərbaycan Dillər Universitetinin rektor əvəzi Bünyamin Yunusov, orta məktəb şagirdləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Azərbaycanın multikultural ölkə olduğunu deyən B. Yunusov bildirib ki, “Amerika günləri” festivalı sülh, dostluq və qarşılıqlı anlaşmaya töhfə verəcək. Onun sözlərinə görə, bu tipli tədbirlərin keçirilməsi ilə iki ölkə insanları bir-birinə daha da yaxın olacaq.

R. Sekuta isə “Amerika günləri” festivalının əhəmiyyətini önə çəkərək qeyd edib ki, mədəni müxtəlifliklərin təbliği insanların dost mühitində yaşamasına töhfə verir.

Sonra tədbir bədii hissə ilə davam etdirilib. “Çovqan” və “Zirvə” rəqs qruplarının ifasında rəqslər və musiqi nömrələr nümayiş etdirilib. Tədbir “Amerikada mədəni müxtəliflik” mövzusunda olan əl işləri sərgisinə baxışla yekunlaşıb.

Qeyd edək ki, “Amerika günləri”nin məqsədi Amerika mədəni müxtəlifliyini Azərbaycan vətəndaşlarına nümayiş etdirmək və ölkələr arasındakı qarşılıqlı anlaşmanı genişləndirməkdir. Festival çərçivəsində canlı musiqi ifaları, Amerika mətbəxi nümunələrinin nümayişi, uşaqlar üçün proqramlar və digər maraqlı tədbirlər nəzərdə tutulur. Festival mayın 21-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR