Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi müddəti azaldılıb

Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi müddəti azaldılıb
# 17 mart 2016 15:49 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. İqtisadiyyat Nazirliyinin Kollegiyası “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, Azərbaycanda malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizalar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin tabeliyindəki “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC tərəfindən aparılır.

İndiyə qədər qüvvədə olan qaydalara əsasən mənşə sertifikatı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən hüquqi və fiziki şəxslərin (sifarişçi) müraciəti əsasında verilib. Sifarişçinin mənşə sertifikatının verilməsinə dair ərizəsinə Dövlət Xidməti tərəfindən ərizənin təqdim olunduğu tarixdən etibarən 3 gündən gec olmayaraq baxılıb və müvafiq qərar qəbul olunub. Eyni zamanda mənşə sertifikatının verilməsindən imtina edildikdə Dövlət Xidməti tərəfindən mənşə sertifikatının verilməsindən imtinanın səbəbləri göstərilməklə ərizənin təqdim olunduğu tarixdən etibarən 3 gündən gec olmayaraq əsaslandırılmış qərar qəbul olunub və bu barədə sifarişçiyə məlumat verilib. Dəyişikliyə əsasən bu müddətlər 3 gündən 1 günə endirilib.

İndiyə qədər “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC tərəfindən ekspertizanın keçirilməsi, onun nəticələri əsasında ekspertiza aktının tərtib olunması, ekspertiza aktının Dövlət Xidmətinə təqdim olunması Dövlət Xidməti tərəfindən malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi üçün sifarişçinin ərizəsi və ona əlavə edilmiş sənədlərin Cəmiyyətə təqdim edildiyi gündən 2 gündən gec olmayaraq həyata keçirilib. Dəyişikliyə əsasən bundan sonra “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC tərəfindən ekspertizanın keçirilməsi, onun nəticələri əsasında ekspertiza aktının tərtib olunması, ekspertiza aktının Dövlət Xidmətinə təqdim olunması Dövlət Xidməti tərəfindən malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi üçün sifarişçinin ərizəsi və ona əlavə edilmiş sənədlərin Cəmiyyətə təqdim edildiyi gündən 1 gündən gec olmayaraq həyata keçiriləcək.

Dəyişikliklər bu gündən qüvvəyə minib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR