“Euronews” telekanalı “Gəncə-Avropa Gənclər Paytaxtı” layihəsini işıqlandırıb

“Euronews” telekanalı “Gəncə-Avropa Gənclər Paytaxtı”  layihəsini işıqlandırıb
# 13 may 2016 02:57 (UTC +04:00)

Bakı-APA. “Euronews” telekanalı “Gəncə-Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində keçirilən tədbirlərlə bağlı reportaj yayımlayıb.

APA-nın məlumatına görə, reportajda qədim Gəncənin tarixi, mədəniyyəti, görməli yerləri, turizm imkanları haqqında ətraflı məlumat verilib. Vaxtilə Azərbaycanın paytaxtı olmuş bu qədim şəhərin yaşının 2500 ildən çox olduğu vurğulanıb. Qeyd olunub ki, Gəncənin əhalisinin üçdəbir hissəsini gənclər təşkil edir. Ona görə də “Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” seçilib.

Reportajda bildirilib ki, “Gəncə-Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində keçirilən tədbirlərdə iştirak üçün şəhərə gələn yerli və xarici qonaqlar muzeyləri ziyarət edib, Göygöl Milli Parkında olublar. Qonaqlar Azərbaycanın adət-ənənələri, milli rəqsləri və qədim xalçaçılıq sənəti ilə də maraqlanıblar.

Müəllif Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun müsahibəsinə istinadən bildirib ki, bu layihə Gəncənin təbliğinə mühüm töhfə verəcək. Əsas məqsəd Gəncəni Avropa ilə yaxınlaşdırmaq, bu şəhərin istedadlı gənclərinin Avropaya inteqrasiyasına imkan yaratmaq, avropalı gənclərə isə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni təqdim etməkdir.

Reportajda italiyalı müğənni İnqridin təəssüratlarına da yer verilib. Sənətçi bildirib ki, italyanlarla azərbaycanlılar çox bənzəyirlər. Belə vacib tədbirdə iştirak etməkdən məmnunluğunu bildirən müğənni Gəncə şəhərini “Avropa Gənclər Paytaxtı” seçilməsi münasibətilə təbrik edib.

Reportajda, həmçinin qeyd olunub ki, bu ilin sonunadək gənclərin potensialını, istedadını inkişaf etdirmək məqsədilə Gəncədə bir çox ictimai və mədəni tədbirlərin keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR