Deputat: "Avropa insanları köçkünə çevirən səbəblərə qarşı ciddi mübarizə aparmalıdır"

Deputat: "Avropa insanları köçkünə çevirən səbəblərə qarşı ciddi mübarizə aparmalıdır"
# 21 aprel 2016 12:32 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. "İnsanları köçkün salan, köçkünə çevirən səbəblərə qarşı Avropa, Avropa Şurası, AŞPA və digər Avropa qurumları ciddi mübarizə aparmalıdır".

APA-nın Avropa müxbiri xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) dünən axşam keçirilmiş plenar iclasında Suriya köçkünlərinin vəziyyəti, üzləşdiyi problemlərlə bağlı üç qətnamə layihəsi ətrafında aparılmış müzakirələrdə çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib.

Q. Paşayeva bildirib ki, insanları köçkün salan səbəblərə qarşı sərt mübarizə olmasa, köçkünlərin sayı daha da artacaq: "Mən Ermənistanın Azərbaycan torpaqlarının 20%-i işğal etməsi səbəbindən bir milyon insanı köçkün düşmüş bir ölkənin təmsilçisiyəm. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını 20 ildən artıqdır, işğaldan azad etmir, bir milyon azərbaycanlı bu gün də köçkün həyatı yaşayır. Köçkün həyatının nə olduğunu biz çox yaxşı bilirik. Nə edirsiniz edin, öz evini itirmiş bir insanın acısını azaltmaq asan deyil. Bu, çox böyük bir acıdır. Bizim insanlarımız hələ də bu acı içərisində yaşayır, amma beynəlxalq qurumlardan duyarlı münasibəti görə bilmirlər. Suriya və İraqdan olan köçkünlərə gəlincə, demək istəyirəm ki, mən bir müddət əvvəl Türkiyədə onlarla, onların təmsilçiləri ilə görüşdüm. Türkiyə dövlətinə və xalqına köçkünlərə böyük dəstəklərindən dolayı təşəkkür edirəm.

Türkiyə onların bir ümid, xilas qapısıdır və Türkiyəyə çox təşəkkür edirdilər. Türkiyədə 3 milyon köçkün var. Bu, çox böyük rəqəm, bəzi ölkələrin əhalisinin sayı qədər. Bu qədər köçkünə dəstək göstərmək çətindir və mən Avropanı, üzv ölkələri və Avropa Şurasını bu gün dünyada ən çox köçkünün olduğu ölkə olan Türkiyəyə daha çox dəstək göstərməyə çağırıram. Mən Assambleyamızı da buna çağırıram. Çünki Türkiyənin köçkünlər məsələsində Avropa tərəfindən həm maddi, həm də mənəvi anlamda yalnız buraxıldığını görürük. Türkiyənin köçkünlərlə bağlı milyardlarla dollar yardımları yanında beynəlxalq ictimaiyyətin dəstəyi çox azdır və Avropa məsuliyyətin bir hissəsini üzərinə götürərək dəstəyini artırmalı, Türkiyədən nümunə götürərək, köçkünlər arasında etnik və dini fərq qoymamalıdır.

Təəssüf ki, bir sıra Avropa ölkələrində bu yanaşmanı görmürük. Bir müddət əvvəl Türkiyədə köçkünlərlə görüşdüyümüz zaman onlar bizdən səslərini burda çatdırmağımızı istədilər. Mən onların və azərbaycanlı məcburi köçkünlərin sizə söylədiklərini çatdırmaq istəyirəm. Öz evlərindən köçkün düşmüş insanlar Avropanı onları köçkün salan səbəblərlə daha fəal və sərt mübarizəyə çağırır. Səbəblərlə mübarizə güclənməsə, köçkünlərin sayı azalmayacaq, əksinə daha da artacaq, problemlər daha da gərginləşəcək. Ötən gün Avropa Komissiyasının rəhbəri burada çıxış edən zaman biz ondan "Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğaldan saxlaması səbəbindən 20 ildən artıqdır, öz evinə dönə bilməyən insanlar sizdən dəstək gözləyir. Nə söyləmək istərsiniz" deyə soruşduğumuzda, insanları köçkün salan səbəblər, işğallar bitməli, köçkünlərin öz evlərinə dönməsinə icazə verilməli kimi konkret və sərt yanaşma əvəzinə, ümumi ifadələrlə cavab verməsini üzüntü ilə qarşıladıq. Bunu vurğulamaqda məqsədim odur ki, insanları köçkün salan səbəblərlə mübarizə aparmadan ortaya çıxan ağır vəziyyəti, faciələri önləmək mümkün deyil. İnsanlar evlərini işğallar, terror səbəbindən tərk edir, ölümdən qaçırlar. Bu səbəblərlə mübarizə sərt olmalıdır. Evlərindən köçkün düşmüş insanlara dəstək olmaq bir insanlıq vəzifəsidir və mən Avropa Şurasını, AŞPA-nı, bütün üzv ölkələri köçkünlərə hər cür yardım etməklə yanaşı, onların öz evlərinə dönə bilməsi istiqamətinə də daha çox dəstək göstərməyə, daha fəal çalışmağa çağırıram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR