Azərbaycan prezidenti: “Məhsullarımızın Rusiyaya ixracının artırılması ilə bağlı fəal iş aparılır”

Azərbaycan prezidenti: “Məhsullarımızın Rusiyaya ixracının artırılması ilə bağlı fəal iş aparılır”
# 03 mart 2016 16:00 (UTC +04:00)

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Rusiya baş nazirinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı D. Roqozinin Azərbaycana səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin gündəliyi ilə bağlı məsələlərin bir daha nəzərdən keçirilməsi üçün yaxşı imkan yaratdığını bildirib. Əlaqələrimizin möhkəmləndirilməsində Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının fəaliyyətinin səmərəli olduğunu deyən İ. Əliyev ötən dövr ərzində komissiya tərəfindən bir sıra məsələlərin icra olunduğunu vurğulayıb. O qeyd edib ki, bu gün hər iki ölkə ikitərəfli münasibətlərimizi strateji tərəfdaşlıq əlaqələri kimi xarakterizə edir. Prezident İlham Əliyev bunu əməkdaşlıq istiqamətində birgə əldə olunan nailiyyətlərə verilən yüksək qiymət kimi dəyərləndirib.

Azərbaycanla Rusiya arasında fəal siyasi münasibətlərin olduğunu deyən dövlət başçısı prezidentlərin mütəmadi əlaqələrinin mövcud olduğunu vurğulayaraq, həm şəxsi təmaslar, həm də telefon danışıqları zamanı Rusiya prezidenti ilə çoxlu vacib məsələləri müzakirə etdiklərini və gündəlikdə duran bir çox məsələlərlə bağlı qarşılıqlı anlaşma əldə edildiyini bildirib.

Ölkələrimiz arasında ticarət dövriyyəsinə toxunan İ. Əliyev qeyd edib ki, ölkəmiz Rusiya ixracının Azərbaycan idxalında ənənəvi olaraq mühüm yerlərdən birini, hətta birinci yeri tutmasında maraqlıdır. Əməkdaşlığımızın bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, hərbi-texniki, humanitar sahələrdə mövcud olan ikitərəfli münasibətlərə Azərbaycan tərəfinin böyük əhəmiyyət verdiyini bildirib.

Azərbaycan prezidenti həmçinin regional miqyasda müvafiq strukturlar çərçivəsində əməkdaşlıq formatının yaradıldığını, regional forumların keçirildiyini, bu istiqamətdə müsbət dinamikanın müşahidə olunduğunu deyib. Dövlət başçısı bu işə hər iki ölkənin siyasi rəhbərliyinin təkan verdiyini xüsusi qeyd edərək dövlətlərin müvafiq qurumlarının vahid istiqamətdə fəaliyyət göstərdiklərini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR