Siyavuş Novruzov: “İrandan səmimi münasibət gözləyirik”

Siyavuş Novruzov: “İrandan səmimi münasibət gözləyirik”
# 14 iyun 2016 12:00 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycan hər bir ölkə ilə bərabərtərəfli münasibətlər qurmağın tərəfdarıdır”.

APA-nın məlumatına görə, bunu deputat Siyavuş Novruzov “Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında" saziş də daxil olmaqla, 6 sazişin və bir Memorandumun təsdiqlənməsi bağlı müzakirələr zamanı bildirib.

Bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyevin İrana yüksək səviyyəli səfər etdiyini xatırladan S. Novruzov deyib ki, blokada zamanı Naxçıvana ilk kömək edən İran olub, sonradan Türkiyə ilə “Ümid körpüsü” açılıb: “İran Azərbaycanla vizasız rejim təklifi irəli sürür. Ancaq Azərbaycan hələ buna hazır deyil. Heç qardaş Türkiyə ilə də viza məsələsində addım atmamışıq”.

Dövlətlərarası münasibətlərin maraqlara əsaslandığını söyləyən S. Novruzov İranda 39 milyon azərbaycanlının yaşadığını vurğulayıb: “39 milyon azərbaycanlı haqqını tələb edə bilmir, 9 milyon azərbaycanlı onların haqqını tələb edəcək? İranda dövlət qurumlarında, orduda yüksək vəzifədə çalışan azərbaycanlılar deyir ki, niyə bizim işimizə qarışırsınız, İran bizim dövlətimizdir. İran-İraq müharibəsində 1 milyon azərbaycanlı iştirak edib, o azərbaycanlılardan 20 mini də Qarabağda döyüşəydi, təcrübələrini bölüşəydilər. Yoxsa, hansı dövlətin kimi rəsmi səfərə dəvət etməsi o dövlətin öz işidir. Yeri gəlmişkən, Azərbaycan prezidenti İlham Əlyiev dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisindən İrana qarşı istifadə edilə bilməz. Biz qarşı tərəfdən də belə səmimi münasibət gözləyirik. Ümumiyyətlə, Ermənistan istisna olmaqla, öz qonşularımız haqqında danışanda ehtiyatlı olmalıyıq”.

Millət vəkili Elman Nəsirov bütövlükdə İranı ittiham etməyin düzgün olmadığını söyləyib: “İranda Azərbaycanla münasibətlərə qarşı olan müəyyən qüvvələr var, ancaq bu qüvvələr İranın siyasətinin müəyyənləşdirilməsində həlledici rola malik deyil. 2500 illik dövlətçilik tarixi olan İranda yaxşı bilirlər ki, Azərbaycanla və cırtdan Ermənistanla münasibətlərin fərqi nədir. Əgər İran prezidenti Həsən Ruhaninin Ermənistan səfəri gerçəkləşərsə, bu, İranın öz siyasətinə zidd olar. İranın siyasəti xomeynizmdir, Ermənistanla münasibətlər bu siyasətin əleyhinə olar”.

Qənirə Paşayeva əhalisinin yarısı azərbaycanlı olan İranın Ermənistanla münasibətlərdə həssas davranmasını gözlədiklərini bildirib: “Biz İran rəsmilərinin Azərbaycanın daxili işlərinə qarışmamasını, eləcə də Ermənistanla bağlı məsələdə İrandan fərqli addımlar gözləyirik. İrandakı azərbaycanlıların sayına və İranın dövlət ideologiyasına görə rəsmi Tehranın işğalçı Ermənistanla münasibətlərində fərqli davranmasını gözləməyimiz təbiidir”.

Sahib Alıyev Azərbaycanla İran arasında “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları barədə sazişin qəbul edilməsinin çox mühüm addım olduğunu vurğulayıb: “Biz bu sazişdən görürük ki, İran Azərbaycanın ərazi bütövlüyü ilə bağlı əməli addım atmağa hazırlaşır. Həm Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan, həm də hazırkı prezidenti Serj Sərkisyanın İranın Ermənistan üçün əhəmiyyəti barədə fikirləri məlumdur. Əgər Azərbaycanda prezident İlham Əliyev kimi qətiyyətli dövlət başçısı olmasaydı, nüvə sanksiyaları dövründə İrana qarşı hansı addımların atıla biləcəyi aydındır. Prezident İlham Əliyev ABŞ-da olarkən bəyan etdi ki, Azərbaycan ərazisindən İrana qarşı platsdarm kimi istifadə edilə bilməz. İran rəhbərliyi bilir ki, Ermənistan adlı dövlət Rusiya tərəfindən yaradılıb, amma bu gün Ermənistanda Rusiya əleyhinə hansı proseslərin getdiyi göz önündədir. İranın praqmatik rəhbərliyi bunu dəyərləndirməlidir. İran və Azərbaycan bir-birinə enerji verməlidir, bir-birlərinin enerjilərini tükətməməlidir”.

Sədr Oqtay Əsədov isə deputatların çıxışlarında eyni fikirlərin səsləndiyini bildirib: “Bütün bunların hamısı bizim bildiyimiz məsələlərdir. Mən də çox şeyləri xırdalaya bilərəm. Hamımızın bildiyi məsələlərin üzərində sabahdan bəri danışırıq. Bunlar nəyə lazımdır, bunu bitirək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR