Zaqatalada məcburi köçkünlərin yeni tikilmiş qəsəbəyə köçürülməsinə başlanılıb

Zaqatalada məcburi köçkünlərin yeni tikilmiş qəsəbəyə köçürülməsinə başlanılıb
# 29 aprel 2016 15:04 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Zaqatala rayonunda 135 məcburi köçkün ailəsi üçün yeni salınmış yaşayış kompleksinə köçürülmə başlanılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, rayonun Aşağı Tala kəndinin ərazisində tikilən yeni yaşayış kompleksinə hər biri 45 mənzildən ibarət 3 ədəd beşmərtəbəli yaşayış binası, 150 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, tibb mərkəzi, poçt binası, klub-icma mərkəzi, inzibati bina və yardımçı tikililər daxildir.

Layihəyə əsasən ərazidəki 135 ailəlik yaşayış kompleksində 10 ədəd birotaqlı, 65 ədəd ikiotaqlı, 60 ədəd üçotaqlı, 10 ədəd isə dördotaqlı mənzillər var ki, bunlar da köçürülməsi nəzərdə tutulan məcburi köçkün ailələrinin say tərkibinə uyğun olaraq inşa edilib.

Qəsəbənin elektrik enerjisi, içməli su və qaz təchizatı, istilik şəbəkəsi, kanalizasiya sistemi ilə bağlı da hərtərəfli iş aparılıb. Burada müasir yol-küçə infrastrukturu qurulub. Məktəbdə şagirdlərin ən yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait var. Təhsil ocağının sinif otaqları və idman zalı, həmçinin 50 yerlik uşaq bağçası bütün zəruri inventar və avadanlıqla təchiz olunub. Hər birinin 200 kubmetr tutumu olan iki su anbarı yaşayış kompleksinin fasiləsiz su ilə təchiz olunmasına hərtərəfli imkan yaradır. Yaşayış kompleksinin ərazisində hərtərəfli abadlıq və yaşıllaşdırma işləri aparılıb. Hazırda Dövlətqaçqınkomun Repatriasiya Departamenti tərəfindən müvafiq komissiyanın iştirakı ilə buraya köçürülməsi nəzərdə tutulan məcburi köçkün ailələrinin yeni qəsəbədəki mənzillərə köçürülməsi davam etdirilməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR