Kanadada “28 May – Respublika günü” münasibətilə ziyafət təşkil edilib

Kanadada “28 May – Respublika günü” münasibətilə ziyafət təşkil edilib
# 27 may 2016 01:48 (UTC +04:00)

Bakı-APA. Mayın 24-də Azərbaycanın Kanadadakı səfirliyi tərəfindən Kanadanın paytaxtı Ottava şəhərində “Fairmont” mehmanxanasında “28 May – Respublika günü” münasibətilə təntənəli ziyafət təşkil edilib.

Səfirlikdən APA-ya verilən xəbərə görə, tədbirdə Kanadanın Xarici İşlər, Ticarət və İnkişaf Departamentinin yüksək vəzifəli rəsmiləri, digər dövlət qurumlarının təmsilçiləri, Ottavada akkreditə olunmuş diplomatik korpus nümayəndələri, o cümlədən Türkiyə, Gürcüstan, İsrail, Rusiya, Ukrayna, Yunanıstan, Rumıniya, Latviya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Liviya, Anqola, Braziliya, Sloveniya, Makedoniya, Keniya, Yamayka, Nigeriya, Əlcəzair, Venesuela, Uruqvay, Toqo, Çad səfirləri, eləcə də Ottava və Monreal şəhərlərində yaşayan Azərbaycan icması iştirak edib.

Ziyafətdə açılış nitqi ilə çıxış edən Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli Respublika gününün tarixçəsi barədə iştirakçıları məlumatlandırıb, 1918-ci ildə yaranan Azərbaycan Xalq Cumhuriyyətinin Azərbaycanın dövlətçilik ənənələrini bərpa etdiyini vurğulayıb. O, Azərbaycan Xalq Cumhuriyyətinin müsəlman şərqində ilk parlamentli respublika olduğunu və qadınlara səsvermə hüququnu bir sıra qərb demokratiyalarından daha əvvəl tanıdığını bildirib. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın çətin bir inkişaf yolu keçdiyi, ölkə rəhbərliyinin bütün problemlərə baxmayaraq, ölkəmizi müasir dövrün sürətlə inkişaf edən ölkələrindən birinə çevirməyə müvəffəq olduğu vurğulanıb.

R.Hüseynli, həmçinin Azərbaycan-Kanada ikitərəfli münasibətlərinə toxunaraq, ölkəmizin bu münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu və bu məqsədlə yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. O, həmçinin Kanada-Azərbaycan iqtisadi əlaqələri sahəsində son zamanlar əldə olunan nailiyyətlər barədə iştirakçılara məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR