Nazirlik daha 30 nəfər sağlamlıq imkanları məhdud uşağı Türkiyəyə göndərib

Nazirlik daha 30 nəfər sağlamlıq imkanları məhdud uşağı Türkiyəyə göndərib
# 28 sentyabr 2015 08:03 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən daha 30 nəfər sağlamlıq imkanları məhdud uşaq valideynlərindən birinin müşaiyəti ilə Türkiyəyə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev Azərbaycanda sosial proqramların cari ildə də uğurla davam etdirilməsinin tibbi-sosial reabilitasiya sahəsində də özünü aydın şəkildə göstərdiyini vurğulayıb: “Cari ilin ötən dövründə hazırda göndərilən uşaqlar da daxil olmaqla nazirlik tərəfindən xaricə ixtisaslaşmış bərpa-müalicəsinə göndərilən əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sayı artıq 215-ə çatıb ki, bu da ötən illə müqayisədə 33% çoxdur. Göndərilən şəxslər Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzində 5 ulduz oteldə yerləşdirilir və qabaqcıl metodlar əsasında göstərilən reabilitasiya xidməti ilə təmin olunurlar”.

Şöbə müdiri əlavə edib ki, həmin mərkəzdə Dənizli bölgəsinin müalicəvi əhəmiyyəti olan yerli resurslarından və innovativ texnologiyalarından istifadə edilməklə tətbiq olunan reabilitasiya üsulları (hidroterapiya, palçıq müalicəsi, tibbi masaj, sudaxili məşqlər, mexanoterapiya, hidroprosessor və s.) bir sıra çətin sağalan xəstəliklərin müalicəsində fayda verir. ƏƏSMN-nin bir nəfər həkimi də buradan göndərilən şəxslərə mərkəzdə xidmətlərin göstərilməsinə nəzarət etmək və müvafiq reabilitasiya təcrübəsini öyrənmək üçün Türkiyəyə ezam olunur.

Ölkəmizdə bərpa-müalicə sisteminin təkmilləşdirilməsi işlərindən də bəhs edən S.Abdullayev bu günlərdə açılışı olan Respublika Əlillərin Bərpa Mərkəzində 16 yaşdan yuxarı əlilliyi olan insanların ən müasir standartlara uyğun diaqnostikası və müalicəsi üçün hər bir şəraitin yaradıldığını, hazırda Uşaq Bərpa Mərkəzində də müasir tələblərə uyğun reabilitasiya sisteminin qurulmaqda olduğunu bildirib: “Reabilitasiya vasitələri və protez-ortopedik məmulatlarla təminat işləri də ilbəil güclənir. Məsələn, cari ilin yanvar-avqust aylarında ƏƏSMN tərəfindən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar ümumilikdə 24 866 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin ediliblər ki, bu da ötən ilin 8 ayı ilə müqayisədə 58,2% çoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR