Azərbaycan və UNİCEF uşaqların müdafiəsi ilə bağlı fəaliyyət planı imzalayıb

Azərbaycan və UNİCEF uşaqların müdafiəsi ilə bağlı fəaliyyət planı imzalayıb
# 18 may 2016 13:15 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Uşaq Fondu (UNİCEF) arasında 2016-2020-ci illərə dair əməkdaşlıq proqramı çərçivəsində “2016-2017-ci illər üçün Uşaq Müdafiəsi və Sosial Müdafiəyə dair Dövri Fəaliyyət Planı” imzalanıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə nazir Səlim Müslümov ölkəmizin uşaqların fiziki və mənəvi inkişafına yönələn fəal dövlət siyasətinə malik olduğunu, Azərbaycan prezidenti sosial inkişaf kursunun uşaqların hərtərəfli diqqət və qayğı ilə təminatına da şərait yaratdığını vurğulayıb: “Ölkəmizdə daim güclənən sosial təminat sistemi sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları, müharibə əlillərinin və onlara bərabər tutulanların, şəhid ailələrinin, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarını, aztəminatlı ailələrdəki 1 yaşınadək uşaqları, beşdən çox uşağı olan qadınların uşaqlarını və müvafiq təbəqələrdən olan digər uşaqları da əhatə edir. Sosial yardımla təmin edilən ailələrdəki ailə üzvlərinin də mühüm bir hissəsi məhz uşaqlardır. Həmçinin 320 nəfər sağlamlıq imkanları məhdud uşağın hərtərəfli dövlət təminatında yaşadığı sosial xidmət müəssisələrində bu gün nümunəvi yaşayış və reabilitasiya şəraiti mövcuddur”.

Nazirliyin sosial sifarişləri əsasında 1 500-dən çox uşağa və ailələrinə reabilitasiya yönümlü sosial xidmətlər göstərildiyini qeyd edən nazir uşaqlarla bağlı sosial xidmətlər sisteminin təkmilləşdirilməsində UNİCEF-lə əməkdaşlığın əhəmiyyətindən bəhs edib: “Bu əməkdaşlığın davamı kimi, “Uşaq qayğı sistemində islahatlar” layihəsi çərçivəsində 2014-2015-ci illər üzrə iş planı icra edilib. Plana əsasən, UNİCEF tərəfindən sosial iş, sosial müdafiə və uşaq qayğı sistemi üzrə milli potensialın inkişafına, bu sistemdə çalışanların öz sahələri üzrə qabaqcıl təcrübə ilə tanışlığı üçün Türkiyəyə təcrübə səfərinə dəstək göstərilib, müvafiq işçi heyətinin planlaşdırma və monitorinq, qiymətləndirmə üzrə bacarıqlarının artırılması üçün təlim keçirilib. Bununla yanaşı, iki bölgədə (Gəncə şəhəri və Quba rayonu) çətin həyat şəraitində olan 300 nəfərdən çox uşağın və ailələrinin faydalandığı sosial reabilitasiya xidmətləri təşkil edilib və hazırda da davam etdirilir”.

S.Müslümov icma əsaslı bir sıra sosial qayğı xidmətlərinin minimum keyfiyyət təminatı standartlarının hazırlanması, milli sosial müdafiə sisteminin uşaqların rifahı baxımından geniş təhlilinin aparılması və s. sahələrdə də UNİCEF-in institusional dəstəyini qeyd edib: “UNİCEF-lə birgə icra olunacaq 2016-2020-ci illərə dair əməkdaşlıq proqramı da uşaqların sosial xidmətlərlə təminatı sisteminin inkişafına hesablanıb. Proqramın məqsədi uşaqların, xüsusən çətin həyat şəraitində olan uşaqların keyfiyyətli və bərabər müdafiəsi, onların təhsil və səhiyyə, qidalanma xidmətlərindən istifadə imkanlarının genişləndirilməsidir. Həmçinin uşaqlara qarşı zorakılıq, sui-istifadə və etinasızlıq hallarına səbəb olan sistematik maneələrin müəyyən edilməsi, onların sosial müdafiə xidmətlərindən daha geniş istifadə imkanlarının təmin edilməsi, qayğıkeş ailə mühitindən bəhrələnmək hüquqlarının dəstəklənməsi proqramda əsas hədəflər kimi yer alıb”.

Proqramın digər tərəfdaşının da Təhsil Nazirliyi olduğunu qeyd edən nazir sənədin çətin həyat şəraitində olan uşaqların reabilitasiya yönümlü sosial xidmətlərlə təminat şəraitində təhsil xidmətlərindən yararlanmaq imkanlarının artırılmasında da mühüm rol oynayacağını bildirib. Nazir imzalanan “2016-2017-ci illər üçün Uşaq Müdafiəsi və Sosial Müdafiəyə dair Dövri Fəaliyyət Planı”nın həmin Proqramın ilkin mərhələsi olduğunu və bu plan üzrə işlərin də uğurla yerinə yetiriləcəyinə əminliyini ifadə edib.

UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Andro Şilakadzenin ölkəmizdə fəaliyyət müddətinin başa çatmaqda olduğunu bildirən S.Müslümov A.Şilakadzenin UNİCEF-lə Azərbaycan əlaqələrinin genişlənməsi və bu əməkdaşlığın səmərəli təşkili üçün göstərdiyi səyləri yüksək dəyərləndirib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

A.Şilakadze Azərbaycanın uşaqların müdafiəsi sahəsində uğurlu iş təcrübəsini qeyd edib, ölkədə uşaqların rifahının dəstəklənməsi, çətin həyat şəraitində olan uşaqların sosial xidmətlərlə əhatə edilməsi üçün məqsədyönlü fəaliyyətin həyata keçirildiyini bildirib. O, UNİCEF-in bu sahədə ölkəmizlə əməkdaşlığı davam etdirmək əzmində olduğunu, 2016-2020-ci illərə dair əməkdaşlıq proqramının bunun üçün yaxşı imkan yaratdığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR