Şirvanın şəhərsalma kadastrı hazırlanıb

Şirvanın şəhərsalma kadastrı hazırlanıb
# 06 may 2016 14:16 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycan prezidentinin paytaxt və iri şəhərlərin şəhərsalma kadastrının hazırlanması ilə bağlı müvafiq göstərişinə uyğun olaraq Şirvan şəhərində keçirilmiş pilot layihə başa çatdırılıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Şirvan şəhərinin şəhərsalma kadastrını komitənin keçirdiyi tenderin qalibi olmuş Litvanın “Hnit Baltic” şirkəti və onun ölkəmizdəki tərəfdaşı “İntegris” MMC aparıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov layihə barədə ətraflı məlumat verib, gələcəkdə şəhərsalma kadastrı məlumatlarından istifadə perspektivlərindən bəhs edib. Bunun ölkəmizdə şəhərsalma kadastrının yaradılması sahəsində ilk belə layihə olduğunu diqqətə çatdıran D.Dövlətxanov Şirvan şəhərinin pilot layihə ərazisi kimi təsadüfi seçilmədiyini qeyd edib. Şirvan Azərbaycanın əhali sayına görə 5-ci şəhəridir. Bura ölkəmizin mühüm iqtisadi mərkəzlərindən sayılır. Ona görə də pilot layihə ərazisi kimi ilk məhz bu şəhər seçilib.

Şirvanın şəhərsalma kadastrının hazırlanması üzrə işlər bir neçə il çəkib. Bu pilot layihə əsasında növbəti belə tədbirlər üçün də lazımi təcrübə toplanıb. Qeyd edək ki, növbəti illərdə Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərinin də elektron şəhərsalma kadastrının hazırlanması nəzərdə tutulur.

Layihə rəhbəri Raivaras Klypsas də şəhərsalma kadastrının müasir tələblərə uyğun olduğunu bildirib. Onun sözlərinə görə, layihənin icrasında kartoqrafiya, coğrafiya kadastr, coğrafi informasiya sistemləri və informasiya texnologiyaları sahəsində 80-dən artıq yüksək ixtisaslı işçi heyəti iştirak edib. Burada əsas diqqət Avropa modellərinə yönəlib. Şəhərsalma kadastrı güclü informasiya sistemlərinə tam inteqrasiya edilərək tam avtomatlaşdırılıb.

“İntegris” MMC-nin direktoru Ceyhun Zeynalov isə bildirib ki? layihənin hazırlanmasında 3 əsas prinsip qarşıya qoyulub: coğrafi informasiya sistemi əsasında Şirvan şəhərinin baş planının hazırlanması, şəhər ərazisinin zonalaşdırma sxeminin tərtibi və şəhərin baş planı əsasında müəyyən edilmiş 50 hektar ərazinin müfəssəl planının hazırlanması.

İcraçılar layihə üzrə sualları cavablandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR