XİN: Ukrayna telekanalına işğal olunmuş ərazilərə səfər etmək üçün icazə və akkreditasiya verilib

XİN: Ukrayna telekanalına işğal olunmuş ərazilərə səfər etmək üçün icazə və akkreditasiya verilib
# 15 iyul 2016 15:04 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. "Ukraynanın İCTV telekanalının çəkiliş qrupu bir müddət əvvəl Azərbaycanda olub və qoşunların təmas xəttindəki vəziyyət, Ermənistan qoşunlarının mülki Azərbaycan əhalisinə qarşı törətdikləri hücumlar barədə ətraflı və obyektiv veriliş hazırlayıb".

Bu barədə İCTV telekanalının çəkiliş qrupunun Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə əlaqədar KIV-in sorğusuna cavab olaraq Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H. Hacıyev qeyd edib ki, bu səfərdən sonra İCTV-nin çəkiliş qrupu rəsmi şəkildə Xarici İşlər Nazirliyinə müraciət edib və Azərbaycanın işğal olunmuş ərazilərində çəkiliş aparmaq üçün XİN-in akkreditasiyası və icazəsini xahiş edib. İCTV-nin redaktor müavini Viktor Soroka tərəfindən XİN-nə ünvanlamış 12 may 2016-cı il tarixli məktubda deyilir:

“Jurnalist Yaroslav Marçenko və Oleksandr Kulakov Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə, o cümlədən Azərbaycanın qanunlarına tam hörmət edirlər. Azərbaycan Respublikasının işğal altındakı ərazilərinə səfər heç bir halda işğal edilmiş ərazilərdə yaradılmış qondarma rejimin təşviqinə xidmət etməyəcək. Bununla əlaqədar, İCTV-nin çəkiliş qrupuna Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər üçün icazə və akkreditasiya verməyinizi xahiş edirik”.

Xarici KİV nümayəndələrinin akkreditasiya qaydalarına uyğun olaraq, bu müraciət nəzərdən keçirilib və İCTV kanalının çəkiliş qrupuna Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmək üçün icazə və akkreditasiya verilib. "XİN tərəfindən xarici KİV nümayəndələrinə verilən akkreditasiya kartı bütün Azərbaycan ərazisində, o cümlədən Xankəndi, Şuşa, Ağdam, Kəlbəcər və digər işğal olunmuş ərazilərimizdə hüquqi gücə malik sənəddir. İCTV kanalının işğal olunmuş ərazilərimizdən hazırladığı verilişin mahiyyəti ilə razılaşmasaq da, bu kanalın işğal altındakı ərazilərimizə Azərbaycanın qanunlarına hörmət edərək, müvafiq icazə və akkreditasiya kartı əsasında səfəri qeyd olunmalıdır”, - deyə H. Hacıyev bildirib.

Sonda H. Hacıyev qeyd edib ki, bəzi media orqanlarının işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfərlərinə baxmayaraq, "The New York Times", Polşanın İctimai Televeziyasi, "Al Jazeera Arabic" və digər KİV nümayəndələri məhz Azərbaycanın icazəsi ilə həmin ərazilərə səfər ediblər. Hal-hazırda bu qəbildən olan bir neçə müraciət də nəzərdən keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR