Futbolçu Cavid Hüseynovun məhkəməsi davam etdirilib

Futbolçu Cavid Hüseynovun məhkəməsi davam etdirilib
# 04 may 2016 11:14 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Səbail rayon Məhkəməsində futbolçu Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Elmar Rəhimovun sədrlik etdiyi prosesdə “Qəbələ” Futbol Klubunun meneceri Səbuhi Səfiyarlı şahid qismində ifadə verib. O bildirib ki, hadisə barəsində jurnalistlərdən eşidib və məsələni aydınlaşdırmaq üçün Cavid Hüseynovla xəstəxanaya gedib: “Orada həkimi görmədik. Biz orda olanda polislər gəldilər və Rasimin dostu ərizə yazdı. Mən də nömrəmi həmin şəxsə verdim ki, nəsə lazım olsa zəng edin".

Daha sonra prosesdə Cavid Hüseynov vəsatətlə çıxış edib. O bildirib ki, ötən prosesdə şahid Aydın Mahmudovun ifadəsi elan olunub. Lakin həmin ifadə ilə onda olan ittiham aktındakı ifadə arasında ziddiyyət var. O həmin ifadənin sübutlar siyahısından çıxarılmasını istəyib: "Güya mən ona demişəm ki, polisə xəbər verməyin maddi kömək edəcəyəm".

Cavid Hüseynovun vəkili Adəm Məmmədov isə Aydın Mahmudovun prosesdə iştirak etməsini istəyib. Məhkəmə vəsatəti təmin edib.

Proses mayın 11-də davam etdiriləcək.

Xatırladaq ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir. Bu iş üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata verilib.

C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.

Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR