Zakir Qaralov Səudiyyə Ərəbistanının nümayəndə heyətini qəbul edib

Zakir Qaralov Səudiyyə Ərəbistanının nümayəndə heyətini qəbul edib
# 25 aprel 2016 14:57 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Baş Prokurorluğu və Səudiyyə Ərəbistanı Krallığının hüquq mühafizə orqanları arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə Səudiyyə Ərəbistanı Krallığının Təhlükəsizlik Elmləri üzrə Naif Ərəb Universitetinin Təlim fakültəsinin dekanı Məhəmməd Həsən Əlsarra və Əd-Diriyə dairəsinin prokuroru Müsəid bin Əbdülrəhman bin Ayəfin başçılıq etdikləri tərkibinə müxtəlif dairələrin prokurorlarının və digər məsul əməkdaşlarının daxil olduğu geniş nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 25-də nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarıət edib, “Əbədi Məşəl” abidəsinin önünə əklil qoyublar.

Daha sonra nümayəndə heyəti Azərbaycanın Baş Prokurorluğunda olub.

Baş prokuror Zakir Qaralov xalqlarımız arasında formalaşmış zəngin tarixə malik və ildən-ilə daha da genişlənməklə dərinləşən ikitərəfli münasibətlərin inkişafı, hər iki dövlət başçılarının siyasi iradələri nəticəsində ölkələrimiz arasındakı münasibətlərin daha da genişləndiyini qeyd edərək Prezident İlham Əliyevin 5-7 aprel 2015-ci il tarixlərdə Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri zamanı İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz əs-Səud ilə görüşünü xüsusi vurğulayıb.

Qafqaz ölkələri və Mərkəzi Asiya regionunda ölkəmizin təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə seçilməsini yüksək qiymətləndirən baş prokuror bu münasibətlə Səudiyyə Ərəbistanı Krallığının siyasi və təhlükəsizlik məsələləri üzrə Şurasının başçısı, Baş nazirin birinci müavini, daxili işlər naziri və Təhlükəsizlik Elmləri üzrə Naif Ərəb Universitetinin Şura sədri Əmir Məhəmməd bin Naif Əl Səuda öz minnətdarlığını ifadə edib, BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Mühakiməsi sahəsindəki Proqramlarının bir hissəsini təşkil edən dünya üzrə 17 mərkəzdən biri olan bu mötəbər təhsil müəssisəsinin ölkəmizin məhkəmə-hüquq sistemi ilə tanışlığının hüquq ictimaiyyəti üçün əlamətdar hadisə olduğunu bildirib.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həllində Səudiyyə Ərəbistanı Krallığının həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi, bu il aprelin 14-15-də İslam Əməkdaşlıq Təşkilatının İstanbul Sammiti çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünün bir daha pislənməsinə dair Yekun Bəyannamənin qəbulu zamanı Səudiyyə Ərəbistanının obyektiv və ədalətli mövqeyinin əhəmiyyəti xüsusi qeyd edilib.

Səudiyyə Ərəbistanında yerləşən İslam dininin müqəddəs məkanlarını hər il minlərlə azərbaycanlının ziyarət etməsinin iki ölkə arasında münasibətlərin genişlənməsində mühüm rol oynamasını qeyd edən Z.Qaralov iki ölkə arasında hüquqi sahədə əlaqələrin getdikcə genişləndiyini söyləyərək son illər Azərbaycanda sosial-iqtisadi və ictimai-siyasi sahələrdə ardıcıl və sürətli inkişafa zəmin yaradan məhkəmə-hüquq islahatlarının həyata keçirildiyini vurğulayıb. Baş prokuror bu müsbət inkişafın hüquqi sahədə əməkdaşlıqda da müşahidə olunduğunu bildirib.

Azərbaycanda uğurla həyata keçirilən hüquqi islahatlara böyük maraq göstərdiyini diqqətə çatdıran Təhlükəsizlik Elmləri üzrə Naif Ərəb Universitetinin Təlim fakültəsinin dekanı Məhəmməd Həsən Əlsarra hüquqi sahədə əməkdaşlığın geniş perspektivlərə malik olduğunu vurğulayaraq, ölkələrimizin müxtəlif sahələrdə əlaqələrinin sürətlə inkişaf etdiyini bildirib. Azərbaycan və Səudiyyə Ərəbistanı arasında qardaşlıq əlaqələrinin sıx olduğunu bildirən qonaq ölkəmizin çox qısa zamanda yüksək nailiyyətlər əldə etməsini qeyd edərək, məhkəmə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən tədbirləri alqışlayıb.

Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub. Muzeydə Azərbaycan Prokurorluğunun zəngin tarixi, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş guşə və eksponatlar, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı hazırlanmış guşə qonaqlarda xüsusi təəssürat oyadıb.

Qonaqlara Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsində ölkəmizin məhkəmə-hüquq sistemi haqqında geniş məlumat verilib, təcrübə mübadiləsi məsələləri müzakirə edilib. Daha sonra nümayəndə heyəti Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi və Elm-Tədris Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Nümayəndə heyətinin səfəri davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR