“Quş qripi”nə görə aparılan monitorinqlər başa çatıb

“Quş qripi”nə görə aparılan monitorinqlər başa çatıb
# 13 may 2016 11:24 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX), Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə may ayının 2-dən 13-dək ölkə ərazisində “quş qripi” xəstəliyinə görə növbəti monitorinq aparılıb. DBNX-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəzarət tədbiri köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarında həyata keçirilmişdir. Eləcə də monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlarda saxlanılan quşlardan nümunələr götürülüb.

“Quş qripi” xəstəliyinə görə aparılan növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 21 baş çöl quşlarının patoloji materialı və ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından götürülən 1932 baş ev quşlarının qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib, nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi aşkar edilməyib.

Köçəri quşlara görə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməyib, eləcə də ölkənin bütün təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı iti infeksion xəstəliyə və xəstəlikdən kütləvi tələfolma hallarına rast gəlinməyib.

DBNX-dan onu da bildiriblər ki, ölkədə “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyətin sabit olmasını, cari ildə aparılan monitorinqlərin nəticələrini, köçəri, sinantrop və ev quşları arasında bu xəstəliyin hər hansı tipinə təsadüf olunmamasını və quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin payız fəslində aparılmasını nəzərdə tutulur: “Hazırda quş qripi və digər iti yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR