Rusiya yığması Rio Olimpiadasına buraxılmaya bilər

Rusiya yığması Rio Olimpiadasına buraxılmaya bilər
# 18 may 2016 12:23 (UTC +04:00)

Bakı – APA. Rusiya millisi bu il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından kənarlaşdırıla bilər. Apasport.az saytının məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax açıqlama verib.

O bildirib ki, şimal qonşularımızın dopinq proqramının olması təsdiqlənsə, ruslar Olimpiadaya buraxılmayacaq.

Bu qalmaqala səbəb Moskva Antidopinq Laboratoriyasının sabiq rəhbəri Qriqori Rodçenkovun müsahibəsi olub. O iddia edib ki, Soçi Qış Olimpiya Oyunlarının ən azı 15 mükafatçısı Rusiyanın dopinq proqramının bir parçası olublar. Bu proqram da ev Olimpiadasında dominantlıq etməyə hesablanıbmış.

Bütün bunlara münasibət bildirən Bax Rusiya atletlərinin Rio-2016-da iştirakları ilə bağlı qərarın WADA-nın apardığı araşdırmalardan çox asılı olduğunu qeyd edib. Əgər mütəşəkkil və miqyaslı dopinq sisteminin mövcudluğu ittihamları təsdiqini tapsa, BOK və beynəlxalq federasiyalar kollektiv məsuliyyət və fərdi ədalətlə bağlı çətin qərar qəbul etməli olacaqlar.

Rusiya tərəfi isə belə sərt qərar üçün sübutun olmasını əsas gətirir. Onların fikrincə, qərar siyasiləşdirilməməli və faktlara əsasən çıxarılmalıdı.

Yekun qərar Pekin və London Olimpiadaları zamanı götürülmüş testlərin təkrar yoxlanışından sonra veriləcək. Rusiyadakı dopinq qalmaqalı ABŞ Ədliyyə Nazirliyi də öz araşdırmalarına başlayıb. Amerikalılar rus məmurlara qarşı fırıldaqçılıq ittihamları da irəli sürürlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR