Siyavuş Novruzov: “Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra amnistiya aktları 110 min insana şamil olunub”

Siyavuş Novruzov: “Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra amnistiya aktları 110 min insana şamil olunub”
# 20 may 2016 10:59 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan, hərbi cinayətlərdə, Xocalı soyqırımında iştirak etməyən, zorla hərbi xidmətə cəlb edilən erməni vətəndaşlarına da amnistiya tətbiq olunmalıdır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisdə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüskarı olduğu “28 May- Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsinin müzakirəsi zamanı millət vəkili Fərəc Quliyev deyib.

F. Quliyev amnistiya aktını dəstəklədiyini vurğulayıb.

Zahid Oruc isə Cinayət Məcəlləsinə dəyişiklik edildiyini və 144-cü maddədə qız qaçırmanın adam oğurluğu kimi əksini tapdığını xatırladıb: “Bu insanlar 10-12 il azadlıqdan məhrum edilirlər. O insanlardan danışanda sual ortaya çıxır ki, bu əməl sizin qız övladınıza qarşı olsaydı, nə edərdiniz? İnsan bu sualdan sonra sakitcə gedir. Təbii ki, biz insanların normal ailə qurmasını arzu edirik, belə hallara da gələcəkdə rast gəlinməməsini arzulayırıq. Ancaq qız qaçırmaya görə məhkum olunmuş bu insanların bir dəfə əfv edilməsi, onlara bir şans verilməsi yaxşı olardı”.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Heydər Əliyev Fondu yarandığı gündən onun fəaliyyətinin əsasında humanizm prinsipinin dayandığını vurğulayıb: “Heydər Əliyev Naxçıvanda olanda ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin atributları üzə çıxarılıb, üçrəngli bayrağımız ilk dəfə Naxçıvanda qaldırılıb. Məhz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra amnistiya aktları tətbiq edilməyə başlanıb. Heydər Əliyev ölüm hökmünə də moratorium qoydu. Ancaq AXC-Müsavat hakimiyyətinin bir ili ərzində 7 nəfər güllələndi ”.

S. Novruzov Heydər Əliyev hakimiyyətə gəldikdən bu günə qədər qəbul olunmuş amnistiya aktları ilə bağlı qısa araşdırma apardığını söyləyib: “Bugünkü amnistiya aktı da nəzərə alınsa, Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən indiyə kimi amnistiya aktları 110 min insana şamil olunub. Bu insanlardan 40 min nəfəri Mehriban Əliyevanın təşəbbüsü ilə irəli sürülən amnistiya aktlarının təsiri altına düşüb”.

Qənirə Paşayeva deyib ki, amnistiya aktının mahiyyəti bir dəfə səhvə yol vermiş insanlara daha bir şans verilməsi barədə mesajdır: “Həbsxanalar, cəzaçəkmə müəssisələrinə ilk dəfə düşən insanlar amnistiya aktı nəticəsində daha yaxşı islah olunurlar. Bu insanlar bağışlanırsa, cəmiyyətdə, ailədə də o insanlara yenidən şans verilməlidir. Amnistiya aktının Qarabağ müharibəsi iştirakçılarına, şəhid ailələrinə və yaxınlarına şamil olunması özü də önəmli bir mesajdır. Bu amnistiya aktının 28 May - Respublika Günü ərəfəsində qəbul edilməsi isə cümhuriyyətə verilən böyük önəmi ifadə edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR