Qətər Azərbaycanın aqrar sektoruna investisiya yatırmaq niyyətindədir

Qətər Azərbaycanın aqrar sektoruna investisiya yatırmaq niyyətindədir
# 11 may 2016 13:03 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Qətərin İnvestisiya Qurumunun Biznesin inkişafı idarəsinin müdiri Şeyx Abdul Əziz Bin Ali Al-Taninin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.


Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, görüşün məqsədi Azərbaycanın investisiya mühiti ilə tanışlıq, ikitərəfli iqtisadi münasibətlərin və investisiya layihələrinin müzakirəsi olub.

H. Əsədov görüşdə Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu qeyd edib. Nazir bildirib ki, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları, xüsusilə meyvə-tərəvəz öz yüksək orqanikliyi ilə digər ölkələrdə istehsal olunan məhsullarla müqayisədə keyfiyyətinə görə seçilir. Nazir ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan da keyfiyyətli olduğunu qonaqların diqqətinə çatdırıb. H. Əsədov meyvəçilik və tərəvəzçilik sahəsində ən müasir standartlara cavab verən istehsal və emal müəssisələrinin olduğunu, eyni zamanda Azərbaycandan ixrac olunan kənd təsərrüfatı məhsullarının bütün vergilərdən azad olunduğunu, ixracın stimullaşdırılması üçün subsidiyaların tətbiqi ilə əlaqədar dövlət tərəfindən geniş tədbirlər planı həyata keçirildiyini və son aylarda tərəvəz məhsullarının ixracının bir neçə dəfə artdığını nəzərə çatdırıb. Nazir Qətərin iş adamlarını Azərbaycana dəvət edib və bu əlaqələrin genişlənməsi üçün nazirlik tərəfindən investorlara lazımi dəstək veriləcəyini vurğulayıb.

Şeyx Abdul Əziz Bin Ali Al Tani Qətərin Azərbaycanla kənd təsərrüfatı sahəsində əlaqələrə, xüsusilə heyvandarlıq, südçülük, tərəvəzçilik, ərzaq məhsullarının istehsalı sahələrinə investisiya qoyuluşunda və Azərbaycanda kənd təsərrüfatı sahəsində layihə həyata keçirməkdə maraqlı olduğunu qeyd edib. Qonaq ölkəsinin Azərbaycanın kənd təsərrüfatı sahəsinə investisiya qoymaqla keyfiyyətli məhsul əldə etmək və bu məhsulları Qətərə ixrac etməyə maraq göstərdiyini diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR