“Dövlət idarəçiliyinin Azərbaycan modeli: dövlət qulluğunda innovasiyaların tətbiqi” mövzusunda elmi-praktik konfrans keçirilib

“Dövlət idarəçiliyinin Azərbaycan modeli: dövlət qulluğunda innovasiyaların tətbiqi” mövzusunda elmi-praktik konfrans keçirilib
# 23 iyun 2016 10:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçularının peşə bayramına həsr olunan “Dövlət idarəçiliyinin Azərbaycan modeli: dövlət qulluğunda innovasiyaların tətbiqi” mövzusunda elmi-praktik konfrans keçirilib.

DİA-nın rektoru, akademik Urxan Ələkbərov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək bu tarixin prezident İlham Əliyevin 25 may 2006-cı sərəncamı ilə təsis edildiyini bildirib. “Davamlı inkişaf naminə səmərəli idarəetmə: Azərbaycan Respublikasının nailiyyətləri beynəlxalq təşkilatların hesabatlarında” adlı məruzə ilə çıxış edən U. Ələkbərov bildirib ki, Azərbaycanın uğurlarında innovativlik əsas yer tutur: “Ölkədə kadr potensialının formalaşmasına mühüm əhəmiyyət verilir. Davamlı inkişaf səviyyəsinə görə Azərbaycan dünyada lider ölkələrdən biridir. Azərbaycan enerji səmərəliliyi və təhlükəsizliyi üzrə 135 ölkə arasında 32-ci yerdədir”.

Prezident Administrasiyası şöbə müdirinin müavini Rəhim Nağıyev Azərbaycanda dövlət qulluqçularının hazırlanmasında Dövlət İdarəçilik Akademiyasının rolunu yüksək qiymətləndirib. Onun sözlərinə görə, bütün dövrlərdə olduğu kimi, bu gün də akademiyanın səviyyəsi yüksəkdir. R. Nağıyev ölkədə dövlət quruculuğu, dövlət idarəetmə sisteminin formalaşması və dövlət qulluğunun inkişafı proseslərində, dövlət qulluğu sisteminin inkişafı, bu sahədə hüquqi bazanın yaradılması istiqamətində görülən işlərdən danışıb.

Dövlətə qulluğun hər kəsin borcu olduğunu deyən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə dövlət qulluqçularına bu yolda uğurlar arzulayıb. Onun sözlərinə görə, müasir zamanın tələblərinə uyğun olaraq hər bir dövlət qulluqçusu innovasiya biliklərinə yiyələnməli, texnologiyalardan istifadə etmək üçün kompüter biliklərini artırmalıdır.

Tədbirin davamında DİA-nın Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutunun direktoru Gülnarə Qurbanova “Davamlı inkişafın təmin olunmasında dövlət qulluqçularının yenidənhazırlanması”, DİA-nın Elmi təşkilat şöbəsinin müdiri Rəcəb Rəhimli “Dövlət qulluqçularının fəaliyyət səmərəliliyinin qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR