Dövlət Sosial Müdafiə Fonduna yeni direktor və müavinlər təyin olunub

Dövlət Sosial Müdafiə Fonduna yeni direktor və müavinlər təyin olunub
# 13 iyul 2016 13:23 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müvafiq əmrinə əsasən, Zakir Hadı oğlu Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna direktor təyin edilib. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev "APA-Economics"ə məlumat verib.

Şöbə müdiri əlavə edib ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin digər əmrləri ilə Əminə Seyidzadə, Səfər Mehdiyev və Sərdar Xıdırov DSMF direktorunun müavinləri vəzifələrinə təyin olunublar. Ə. Seyidzadə və S. Xıdırov bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəis müavinləri, S. Mehdiyev isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbərinin müavini vəzifəsində çalışıblar.

Qeyd edək ki, Z.Babayev 1951-ci ildə anadan olub. O, 1974-cü ildə indiki Azərbaycan Neft Akademiyasının Mühəndis-iqtisad fakultəsini iqtisadçı-mühəndis ixtisası üzrə bitirib. Həmin ilin avqustundan 1986-cı ilin yanvarınadək SSRİ Kimya və Neft Maşınqayırma Sənayesi Nazirliyinin Ümumittifaq Elmi Tədqiqat Layihə Texnoloji Neft Maşınqayırma institutunda mühəndis, böyük mühəndis, plan-istehsalat şöbəsinin müdiri, sonralar Nazirlər Kabinetinin aparatında iqtisadi şöbənin böyük referenti, baş mütəxəssis vəzifələrində çalışıb. 1993-cü ilin yanvarın 12-də Dövlət Sosial Müdafiə Fondunun sədr müavini vəzifəsinə təyin edilib. Azərbaycan prezidenti İlham Əliyevin 8 oktyabr 2012-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR