Əhməd Davudoğlu: “Suriyada təhlükəsiz bölgə yaradılmasa, qaçqınlar gəlməyə davam edəcək”

Əhməd Davudoğlu: “Suriyada təhlükəsiz bölgə yaradılmasa, qaçqınlar gəlməyə davam edəcək”
# 14 oktyabr 2015 13:12 (UTC +04:00)

Ankara. Mayis Əlizadə - APA. “Qafqazdan Türkiyəyə son miqrasiya sovet imperiyasının çöküş zəlzələsi nəticəsində oldu”.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib. İstanbulda öz işinə başlayan BMT-nin Qlobal Miqrasiya və İnkişaf Forumunun VIII sammitinin açılışında çıxış edən Ə. Davudoğlu XX əsrin sonu, XXI əsrin ilk 15 ilində dünyada baş vermiş zəlzələlərin aşağıdakılardan ibarət olduğunu söyləyib:

“Zəlzələlərdən birincisi 1980-ci illərin axırında Sovet İmperiyasının çökməsi nəticəsində yaşandı. Türkiyəyə Qafqazdan miqrasiya məhz o zəlzələdən sonra yaşandı. İkinci zəlzələ 11 sentyabr 2001-ci ildə oldu. 2008-ci ildə başlayan dünya maliyyə böhranı dünyadakı üçüncü zəlzələdir ki, izləri hələ də davam edir. Dördüncü zəlzələ isə 2011-ci ildə Şimali Afrika və Orta Şərq ölkələrindəki dalğalanmalardan sonra baş verdi. Bölgədəki miqrasiya prosesində ən çox insan Suriyadan qaçmaq məcburiyyətində qaldı. Biz hələ də o zəlzələnin içində yaşamağa davam edirik”.

Təhlükəsiz bölgə yaradılmaması durumunda Suriyadakı miqrasiya prosesinin davam edəcəyini vurğulayan Ə. Davudoğlu Qərb ölkələrini miqrant probleminə lazımi qədər diqqət yetirməməkdə günahlandırıb. İndiyə qədər Suriyadan Türkiyəyə təxminən 2 milyon miqrantın gəldiyini deyən baş nazir, miqrasiya prosesinin davam etməsi durumunda qapılarının yenə açıq tutaraq yardıma davam edəcəklərini söyləyib. Ə. Davudoğlu miqrasiya proseslərinin düzgün yönləndirilməsinin ölkələrin demoqrafik strukturunu, iqtisadiyyatını və mədəniyyətini zənginləşdirdiyini bildirib.

Qeyd edək ki, 2007-ci ildə BMT-nin təşəbbüsü ilə yaradılan Qlobal Miqrasiya və İnkişaf Forumunun builki sədri Türkiyə olduğuna görə forumun sammiti İstanbulda keçirilir. Sammitdə BMT-nin yüksək səviyyəli nümayəndələri və bir çox ölkədən təmsilçi iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR