İstanbulda Kərkük şəhidləri anılıb

İstanbulda Kərkük şəhidləri anılıb
# 17 yanvar 2016 12:52 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə-APA. İstanbulda Kərkük şəhidləri anılıb.

APA-nın məlumatına görə, 16 yanvar 1980-ci ildə İraq diktatoru Səddam Hüseyn tərəfindən edam etdirilən Türkmən Cəbhəsinin liderləri Abdulla Əbdürrəhman, Rza Dəmirçi, Necdət Qoçaq və Adil Şərif İstanbulda keçirilən mərasimdə anılıblar.

Türk Dünyası Araşdırmaları Vəqfi tərəfindən təşkil edilən anma mərasimində İraq Türkləri İnsan Haqları Dərnəyinin fəxri sədri Nəfi Dəmirçi, Türkməneli Strateji Araşdırmalar Mərkəzi başqanı Cüneyt Məngü və İraq Türkləri İnsan Haqları Dərnəyi başqanı Savaş Avcı çıxış ediblər. Doktor Nəfi Dəmirçi Birinci dünya savaşı zamanı Mosulun Osmanlı imperiyasının nəzarətindən çıxarılma cəhdlərindən 1926-cı ildə ingilislərin təşkil etdiyi Şeyx Səid üsyanına qədər keçən zaman məsafəsində İraq Türkmənlərinin durumu barədə dinləyicilərə məlumat verib. Nəfi Dəmirçi deyib ki, Şeyx Səid üsyanının ingilislər tərəfindən təşkil edilməsinin əsas məqsədi Mosul vilayətini gənc Türkiyə Cümhuriyyətindən ayırmaq idi. İraq Türkləri İnsan Haqları Dərnəyinin başqanı Savaş Avcı 16 noyabr 1980-ci ildə Səddam Hüseyn tərəfindən İraq Türkmən Cəbhəsi liderlərinin edam edilməsi ərəfəsində Türkiyənin o vaxtkı rəhbərlərini edamların qarşısını almağa çağırdıqlarını, ancaq irəli sürdükləri tələblərə hökumətin lazımi reaksiyanı göstərmədiyini xatırladıb.

Türkməneli Strateji Araşdırmalar Mərkəzinin başqanı Cüneyt Məngü isə anma mərasimindəki çıxışında Kərkük və digər şəhərlərdə vəziyyətin nə Türkmənlərin nə də Türkiyənin xeyrinə olduğuna diqqəti cəlb edərək, Türk hökumətini vaxt keçirmədən ciddi tədbirlər görməyə çağırıb.

Anma mərasimin sonunda 16 yanvar 1980-ci ildə İraq diktatoru Səddam Hüseyn tərəfindən edam etdirilmiş Türkmən Cəbhəsinin 4 liderinin xatirəsinə ehsan verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR