FHN-in 10 illik yubileyi münasibətilə voleybol çempionatı keçirilib - FOTOSESSİYA

FHN-in 10 illik yubileyi münasibətilə voleybol çempionatı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 16 oktyabr 2015 10:58 (UTC +04:00)

Bakı - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubu və FHN işçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə FHN-in 10 illik yubileyi münasibətilə qurumlar arasında voleybol çempionatı keçirilib.

APA-nın məlumatına görə, çempionatın ilk üç günü nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin idman zalında, yarımfinal və final mərhələsi isə Voleybol Federasiyasında baş tutub. Yarışda 16 komanda və 200-ə yaxın idmançı qüvvəsini sınayıb. Final görüşü FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi (TTNDA) və Maddi-Texniki Təchizat İdarəsi arasında olub. Rəqibini məğlub edən TTNDA komandası yarışın qızıl medalına layiq görülüb. İkinci yerə MTTİ, üçüncü yerə isə Dövlət Yanğından Mühafizə Xidmətini məğlub edən Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası çıxıb.

Tədbirdə çıxış edən FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov yarışda iştirak etmiş komandaları təbrik edib, onlara növbəti oyunlarda uğurlar arzulayıb.

Daha sonra çıxış edən İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev qalib komandaları təbrik edib, bildirib ki, voleybol üzrə çempionatı 6-ci ildir ənənəvi olaraq keçirilir və növbəti illərdə davamı gözlənilir. O qeyd edib ki, il ərzində keçirilən yarışlar nazirliyin yaradılmasının 10 illiyinə həsr olunub və ilin sonunda keçirilən yarışların yekununda qalib olmuş komanda mükafatlandırılacaq.

Sonda qalib komandalara kubok, medal və diplomlar təqdim olunub. Veteran voleybolçu (TTNDA) Adil Hümbətov yarışın ən yaşlı idmançısı (65) olduğu üçün kubokla təltif olunub.

Qeyd edək ki, yarışın baş hakimi Səbuhi Əliyev olub. Qonaq qismində Azərbaycan Voleybol Federasiyasının hakimlər kollegiyasının sədri Oktay Musayev iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR