DBNX: Heyvanların kütləvi peyvəndlənməsi bruselyozun kökünü kəsməyə imkan verəcək

DBNX: Heyvanların kütləvi peyvəndlənməsi bruselyozun kökünü kəsməyə imkan verəcək
# 24 oktyabr 2015 16:33 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Bruselyoz xəstəliyinə qarşı proqramın hazırlıq işlərinə başlanılıb. 12 zona baytarlıq laboratoriyasının əhatə elədiyi rayonlarda seçmə üsulu ilə iri və xırdabuynuzlu heyvanlardan 90 min qan nümunəsi götürüləcək. Artıq Qaxda qan nümunələri götürülüb və gələn həftə Qubada işlərə başlanılacaq”.

Bunu APA-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) Xüsusi təhlükəli xəstəliklər üzrə epidemioloji, müalicə və profilaktika sektorunun müdiri Kliment Əsədov deyib.

O bildirib ki, iri və xırdabuynuzlu heyvanlardan götürüləcək qan nümunələri zona baytarlıq laboratoriyalarında yoxlanılacaq: “Gələn ildən etibarən 3 aydan yuxarı bütün xırdabuynuzlu heyvanlar təkrarən peyvənd olunacaq. Artıq hər il 3 aydan yuxarı xırdabuynuzlu heyvanlar vaksinasiya ediləcək. Bu isə bruselyoz xəstəliyinin kökünü kəsməyə imkan verəcək. Bu cür kütləvi peyvəndləmə bruselyozun tamamilə yox olmasına gətirib çıxaracaq. Ancaq erkəklər, törədicilər peyvənd olunmayacaq. Peyvəndləmə göz damcı üsulu ilə aparılacaq. Peyvəndin immunitet müddəti 4 ildir”.

Sektor müdiri əlavə edib ki, iribuynuzlu heyvanların da vaksinasiya olunması planlaşdırılır.

K. Əsədov qeyd edib ki, zona baytarlıq laboratoriyalarında eyni zamanda serum bank yaradılacaq.

Qeyd edək ki, milli heyvan xəstəlikləri ilə mübarizə proqramı Dünya Bankının xətti ilə hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR