Azərbaycan yığması yay Olimpiya Oyunlarında rekordunu təkrarlayıb

Azərbaycan yığması yay Olimpiya Oyunlarında rekordunu təkrarlayıb
# 18 avqust 2016 14:52 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Olimpiya yığması London-2012-də müəyyənləşdirdiyi rekordu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, yığmamız Rio-2016-da qazandığı medalların sayını 10-a çatdırmaqla, tarixinin ən yaxşı nəticəsini yenidən göstərib.

Bu, 1 nəfərlik kanoedə 200 m məsafəni qət etməkdə 2-ci olan Valentin Demyanenkonun gümüş qazanmasından sonra dəqiqləşib. Belə ki, yarışların XIII gününə qədər 7 medal qazanıb, daha 2-sini təmin edən Azərbaycan Braziliyada 10-cu mükafatına sevinib.

Əyarı rəsmiləşən medallardan 4-ü gümüş, 4-ü bürüncdü. Demyanenko cüdoçular Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (90 kq), həmçinin güləşçi Mariya Stadnikdən (58 kq) sonra ikinci yer tutan 4-cü təmsilçimiz olub. “Bürünc”ə isə yunan-Roma güləşçiləri Sabah Şəriəti (130 kq) və Rəsul Çunayev (66 kq), taekvondoçumuz Patimat Abakarova (49 kq) və kayaçı İnna Osipenko-Radomiskaya yiyələnib.

Digər 2 medal isə boksçular Lorenzo Sotomayorla (64 kq) Kamran Şahsuvarlının (75 kq) hesabındadı. Yarımfinala yüksələn təmsilçilərimizin hansı əyarlı mükafat qazanmaları növbəti döyüşlərdən asılıdı.

Atlanta-1996-da 1, Sidney-2000-də 3, Afina-2004-də 5, Pekin-2008-də 7 mükafat qazanan yığmamız London-2012-də rekord göstəriciyə imza atmışdı – 10 medal. Həmin vaxt mükafatlardan 2-si qızıl, 2-si gümüş və 6-sı bürünc olmuşdu. Bu dəfə eyni sayda medal qazanan yığmamız təkrarladığı rekordu qarşıdakı günlərdə keçmək üçün gözəl imkana malikdi.

Düzdü, son 4 Olimpiadadan fərqli, millimiz Atlanta-1996-dakı kimi hələ də “qızıl” qazanmayıb. Komandamızın bu boşluğu aradan qaldıra biləcəyi gözlənilir. Çünki hələ 12 idmançımız mübarizəni davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR