Azərbaycan XİN: Atəşkəsin məqsədi hərtərəfli və substantiv danışıqlara başlamaq üçün zəmin yaradılmasıdır

Azərbaycan XİN: Atəşkəsin məqsədi hərtərəfli və substantiv danışıqlara başlamaq üçün zəmin yaradılmasıdır
# 26 may 2016 17:21 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. “Ermənistan xarici işlər naziri Edvard Nalbandyan tərəfindən yenə də Vyana görüşlərinin mahiyyəti təhrif edilir. Sözlərlə oynamağın vaxtı artıq çoxdan keçib. Vyana görüşünün nəticəsi olaraq irəli sürülən təkliflər bir-biri ilə bağlıdır. Atəşkəs rejiminin məqsədi hərtərəfli və substantiv danışıqlara başlamaq üçün zəmin yaradılmasıdır”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, münaqişənin həllinə dair hərtərəfli siyasi prosesin tərkib hissəsi kimi qəbuledilməz və qeyri-davamlı olan “status kvo” dəyişdirilməli və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

“Əgər Ermənistan atəşkəs istəyirsə, atəşkəsin pozulmasının səbəbi olan Ermənistanın işğal faktına və Ermənistan qoşunlarının Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğuna son qoyulmalıdır. Münaqişənin həllinin əsasları artıq çoxdan məlumdur. Ermənistan xarici işlər naziri öz xalqını sülhə hazırlamalı və münaqişənin həlli prosesi barədə düzgün məlumatlandırmalıdır. Təəssüf ki, biz yalnız bunun əksini görürük. Azərbaycan dəfələrlə bəyan edib ki, münaqişənin həlli ilə əlaqədar hərtərəfli və substantiv danışıqlar prosesinə hazırdır. Bu ayın axırında xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub”, - deyə o qeyd edib.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR