Amerikalı jurnalistin Xocalı faciəsinə dair kitabı Kaliforniyada təqdim olunub

Amerikalı jurnalistin Xocalı faciəsinə dair kitabı Kaliforniyada təqdim olunub
# 16 avqust 2016 08:25 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Kaliforniyada amerikalı jurnalist Raul Kontrerasın Xocalı soyqırımına həsr olunmuş kitabının təqdimatı keçirilib.

APA-nın məlumatına görə, “The Hill”, “Daily Caller”, “FOX News” kimi mətbu orqanların yazarı olan jurnalistin “Dağlarda qətl. Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” başlıqlı kitabı San Dieqo şəhərində yerləşən, ABŞ-ın ən qədim kitab mağazalarından olan “Vorviks” (Warwick’s) mağazasında oxuculara təqdim olunub.

Mərasimdə R.L.Kontreras kitabla bağlı apardığı tədqiqatlar dövründə Ermənistan qoşunları tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal olunmasına və bu işğal zamanı Ermənistanın azərbaycanlılara qarşı törətdiyi çoxsaylı etnik təmizləmə və digər cinayətlərə dair təkzibolunmaz faktlarla qarşılaşdığını bildirib. O, həmçinin kitabın əsas mövzusu olan Xocalı soyqırımı zamanı günahsız azərbaycanlıların məruz qaldığı amansız qəddarlıqlara dair konkret hadisələrdən bəhs edib, bu qəddarlıqların qurbanı olmuş və həyatda qalmağı bacaran azərbaycanlılar ilə keçirdiyi görüşlərdən, erməni vəhşilikləri ilə bağlı onlardan əldə etdiyi qeyri-insani və tükürpədici faktlardan danışıb.

Müəllif erməni terroçuluğunun çoxillik tarixə malik olduğunu vurğulayaraq, erməni terrorçularının Azərbaycan, ABŞ, eləcə də digər ölkələrdə həyata keçirdikləri terror aktları, eyni zamanda ABŞ-da fəaliyyət göstərən radikal erməni lobbisi və bu lobbinin ABŞ milli maraqlarına vurduğu ziyan barədə tədbir iştirakçılarına məlumat verib.

Xatırladaq ki, bu kitab indiyədək ABŞ-da Xocalı soyqırımına dair nəşr edilmiş və satışa çıxarılmış ilk kitabdır. ABŞ-ın “Floricanto Press” nəşriyyatı tərəfindən çap edilmiş kitab artıq dünyanın ən böyük internet mağazası olan “Amazon” internet şəbəkəsi, eləcə də ABŞ-ın ən böyük kitab mağazası şəbəkəsi olan "Barnes & Noble"da və digər şəbəkələrdə satışdadır. Amazon şəbəkəsi vasitəsilə kitabı ABŞ ilə yanaşı Almaniya, Fransa, İtaliya , İspaniya, Braziliya və dünyanın bir sıra digər ölkələrində də almaq mümkündür.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR