Hanoyda Respublika günü münasibətilə rəsmi qəbul keçirilib

Hanoyda Respublika günü münasibətilə rəsmi qəbul keçirilib
# 28 may 2016 13:56 (UTC +04:00)

Bakı-APA. Hanoyda Azərbaycan Demokratik Respublikasının (ADR) yaranmasının 98-ci ildönümünə həsr olunmuş rəsmi qəbul keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Vyetnam Sosialist Respublikasının Prezidenti ofisinin, Nazirlər kabinetinin, Parlamentinin, Kommunist Partiyasının, Xarici İşlər Nazirliyinin, digər dövlət və hökumət qurumlarının rəsmiləri, Hanoy şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycanın ali təhsil ocaqlarının vyetnamlı məzunlar, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov çıxış edərək ADR-in qurulmasından danışıb, qısa müddətdə daxili və xarici siyasətdə böyük uğurlar qazanmasına baxmayaraq, 1920-ci ilin aprel ayında müstəqilliyin Azərbaycan xalqının əlindən alındığını bildirib. Çıxış zamanı səfir ölkəmizin əldə etdiyi uğurlarla yanaşı, tarixi Azərbaycan torpaqları olan – Dağlıq Qarabağın və onun ətrafındakı 7 rayonun Ermənistan dövləti tərəfindən işğalı barədə söhbət açıb, münaqişə ilə bağlı BMT TŞ-nın qəbul etdiyi dörd qətnaməyə indiyədək məhəl qoyulmadığını xüsusi vurğulayıb.

Tədbirdə Vyetnam dövləti adından çıxış edən xarici işlər nazirinin müavini Dang Dinh Quy Azərbaycanın ölkə rəhbərliyini və xalqımızı bu əlamətdar gün münasibəti ilə təbrik edib. O, Azərbaycan ali təhsil ocaqlarında təhsil almış vyetnamlı tələbələrin vətənə döndükdən sonra Vyetnamın inkişafına böyük töhfələr verdiyini xüsusi vurğulayıb.

Tədbir Vyetnam KİV tərəfindən geniş işıqlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR