Qusarın içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi başa çatıb

Qusarın içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi başa çatıb
# 08 sentyabr 2016 14:10 (UTC +04:00)

Bakı – APA. Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi başa çatıb.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bu münasibətlə keçirilən mərasimdə iştirak edib.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dövlət başçısına layihə barədə məlumat verib.

Qeyd olunub ki, layihə Azərbaycan Hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində həyata keçirilib. Layihə 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Qusar şəhərində 19 min 600 nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Eyni zamanda, layihə çərçivəsində Qusar rayonunun 7 və Quba rayonunun 3 kəndinə içməli suyun verilməsi nəzərdə tutulub. Ümumilikdə, layihədən bu kəndlərin 12 min sakini faydalanacaq.

Dövlət başçısına məlumat verilib ki, Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində ölkəmizin 5 şəhərində - Qusar, Xaçmaz, Xızı, Qobustan və Naftalanda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulub. Artıq Naftalan şəhərində su və kanalizasiya şəbəkələrinin tikintisi tam başa çatıb, hazırda tullantı sutəmizləyici qurğunun inşasına hazırlıq işləri görülür. Qobustan, Xaçmaz və Xızı şəhərlərində isə içməli su və kanalizasiya sistemlərinin inşası təsdiqlənmiş qrafikə uyğun davam etdirilir.

Sonra prezident İlham Əliyev layihənin işə salınmasını bildirən düyməni basıb.

Dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Sonda xatirə şəkli çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR