Prezident İlham Əliyev: “Sahibkarlığın inkişafına dövlət bundan sonra da dəstək verəcək”

Prezident İlham Əliyev: “Sahibkarlığın inkişafına dövlət bundan sonra da dəstək verəcək”
# 12 iyul 2016 01:28 (UTC +04:00)

Bakı-APA. “Sahibkarlığın inkişafına dövlət bundan sonra da öz dəstəyini verəcək. Bu il sahibkarlara güzəştli şərtlərlə 73 milyon manat kredit verilib. Bu vəsaitin 77 faizi əvvəlcə verilmiş kreditlərin qaytarılması hesabına verilib. Bu da çox müsbət haldır, dövlət büdcəsinə daha az yük düşür və kreditlərin 80 faizi aqrar sektora verilib. Bu da bizim siyasətimizi əks etdirir. Kreditlərin 74 faizi regionlara verilir”.

APA-nın məlumatına görə, bunu iyulun 10-da Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Dövlət başçısı bildirib ki, regional inkişaf proqramının icrası sürətlə davam etdirilir: Biz indi çox güclü qeyri-neft ixracı potensialı yaradırıq və eyni zamanda, institusional tədbirlər də görülür və görülməlidir ki, biz ixracı stimullaşdıraq, sahibkarlar xaricə daha çox məhsul satmaqda maraqlı olsunlar”.

Prezident qeyd edib ki, kənd təsərrüfatında çox böyük inkişaf gözlənilir: “Birincisi, indi həm islahatlar aparılır, tədbirlər görülür, həm də çox ciddi elmi yanaşma var. Əminəm ki, biz yaxın zamanlarda daha da böyük nəticələr görəcəyik. Qeyd etdiyim kimi, bu il artıq 3,1 faiz artım var. Amma daha da böyük artım gözlənilir”.

Prezident İlham Əliyev qeyd edib ki, pambıqçılıqla bağlı çox ciddi addımlar atılıb: “Biz pambıqçılığı bərpa edirik, dirildirik və pambıqçılığın şöhrətini özünə qaytarırıq. Əfsuslar olsun ki, son illər ərzində bu sahə də tənəzzülə uğrayıb. Keçən il 18 min hektardan cəmi 30 min ton pambıq yığılıb. Cəmi bir neçə ay ərzində görülmüş tədbirlər nəticəsində biz 52 min hektarda pambıq əkinini təmin etmişik və bu il 100 min ton məhsul gözlənilir. Gələn il 120 min hektar əkilməlidir. Yeni texnologiyalar, yeni suvarma sistemləri tətbiq olunacaq. Ona görə, hektardan məhsuldarlıq indiki 20 sentnerdən minimum 30 sentnerə qalxmalıdır. Belə olan halda, gələn il minimum 300 min ton pambıq yığılmalıdır. Bu, ölkəmizə həm valyuta gətirəcək, həm məşğulluğu təmin edəcək”.

Dövlət başçısı bildirib ki, Azərbaycanda aqroparkların yaradılması başlayıb: “Bu, yaxşı haldır, amma bu, azdır. Bütün bölgələrdə bir neçə aqropark yaradılmalıdır. Bunun çox böyük mənası, faydası var. Hesab edirəm ki, İqtisadiyyat Nazirliyi kreditlərin verilməsində bu məsələni diqqətdə saxlamalıdır. Kənd Təsərrüfatı Nazirliyi və sahibkarlar da bu işlərə qoşulsunlar. Düzdür, aqroparkların yaradılması böyük vəsait tələb edir, ancaq burada sahibkarlar kooperasiya edə, konsorsium yarada bilərlər. Çünki bu, daha mütərəqqi yanaşmadır. Yalamada aqroparkın yaradılması artıq başa çatmaq üzrədir. Şəmkirdə də işlər qrafik üzrə gedir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR