Cavid Qurbanov: BTQ Avropa-Qafqaz-Asiya ölkələri arasında sıx nəqliyyat əlaqələri yaradacaq

Cavid Qurbanov: BTQ Avropa-Qafqaz-Asiya ölkələri arasında sıx nəqliyyat əlaqələri yaradacaq
# 16 oktyabr 2015 02:45 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Oktyabrın 15-də Tiflisdə baş tutan "Tiflis İpək Yolu Forumu" çərçivəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Gürcüstan parlamentinin Tiflisdəki binasında keçirilən paneldə çıxış edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, C. Qurbanovun çıxışı Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu layihəsinə həsr olunub. C. Qurbanov qeyd edib ki, BTQ layihəsinin Azərbaycan üçün prioritet layihələrdən biri olduğunu bildirib: "BTQ layihəsi TRACECA nəqliyyat marşrutu dəhlizində yerləşir və BTQ-nin tikintisi Azərbaycan üçün prioritet layihələrdən biridir. Bu layihə nəinki Azərbaycan, Gürcüstan və Türkiyənin maraqlarını özündə əks etdirir, həmçinin gələcəkdə bir sıra dövlətlərin bu nəqliyyat marşrutunun xidmətindən istifadə edəcəyi gözlənilir. BTQ layihəsinin açılışı nəqliyyat yüklərinin daşınması mərkəzinə çevriləcək Avropa-Qafqaz-Asiya ölkələri arasında sıx nəqliyyat əlaqələri yaratmaq imkanları yaradacaq.

C. Qurbanov BTQ layihəsinin gələcəyə hesablanmış cəsarətli addım olduğunu bildirib: "Bu layihə regionda ən iri beynəlxalq infrastruktur layihəsidir və gələn ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulub. Bu layihənin istifadəyə verilməsindən sonra bu dəmir yolu ilə birinci il 2-3 mln ton yük daşınacaq və bu tədricən çoxaldılaraq 8 mln tona qədər çatdırılacaq", deyə C. Qurbanov bildirib.

Cavid Qurbanov qeyd edib ki, BTQ layihəsinin istifadəyə verilməsi üç ölkənin iqtisadiyyatının inkişaf etdirilməsinə daha böyük imkanlar yaradacaq, həmdə marşrut üzrə sərnişin daşımaları layihənin sosial əhəmiyyətini yüksəldəcək.

Cavid Qurbanov Tiflisdəki Forum çərçivəsində baş tutan paneldə çıxışında layihədə iştirak edən ölkələrin nəinki infrastrukturunun inkişaf edəcəyini, həmçinin gömrük və sərhəd prosedurlarının sadələşəcəyini qeyd edib: "Bu posedurların sadələşdirilməsi qatarların sərhəd-keçid məntəqələrində gözləmə vaxtını azaldacaq, buna görə də ətraf mühitə az zərər vuracaq və ortaq çevik tarif siyasətinin yaradılması, müasir texnologiyaların həyata keçirilməsinə şərait yaradacaq".

C. Qurbanov Avropa İttifaqı tərəfindən maliyyələşən TRACECA proqramının bu proseslərə texniki yardım göstərməklə dəstəklədiyini bildirib: "Bütün bunlar Qərbi Çindən İstanbula qədər yük daşımaların vaxtını 12 saat qısaldacaq. Bu, Qara dəniz vasitəsilə hazırda Qazaxıstandan İstanbuladək istifadə olunan yoldan 4 gün azdır".

C. Qurbanov parlamentdə təşkil olunan paneldə BTQ layihəsinin nəinki Azərbaycanın beynəlxalq səviyyədə tranzit rolunu gücləndirəcəyini , həm də Avropa və Asiya yeni nəqliyyat bazarlarına çıxış imkanları yaradılacağını vurğulayıb: "Tranzit yüklərin daşınması İpək Yolu boyunca yerləşən ölkələr üçün cəlbedici, etibarlı və səmərəli olacaq", deyə C. Qurbanov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR