Braziliyanın ən çox oxunan nəşrində Azərbaycan haqqında səfirin geniş məqaləsi dərc olunub

Braziliyanın ən çox oxunan nəşrində Azərbaycan haqqında səfirin geniş məqaləsi dərc olunub
# 12 iyun 2015 04:49 (UTC +04:00)

Bakı-APA. İyunun 10-da Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanovun Braziliyanın ən çox oxunan “Folha de Sao Paolo” qəzetinin internet səhifəsində “Azərbaycan, müsəlman aləminin ilk dünyəvi demokratiyası” başlığı altında məqaləsi dərc edilib.

Səfirlikdən APA-ya verilən xəbərə görə, məqalədə Avropa və Asiyanın kəsişməsində yerləşən, tarixi Böyük İpək Yolunun vacib hissəsini təşkil edən və dünya neft sənayesinin beşiyi sayılan Azərbaycanın zəngin müxtəlifliyə, qədim tarixə və müasir cəmiyyətə malik olması oxucuların diqqətinə çatdırılır.

28 May 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının müsəlman dünyasında ilk dünyəvi demokratiya kimi yaranması və bir çox Qərb ölkələrindən əvvəl qadınların səsvermə hüququ ilə təmin edilməsi göstərilir.

1991-ci ildə ölkəmizin müstəqilliyini bərpa etməsindən sonra bir çox çətinliklərlə üzləşdiyi bildirilir və yalnız 1993-cü ildən etibarən Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin müdrik siyasəti və strategiyası nəticəsində ölkədə təhdidlərin aradan qaldırılıldığı, sabitliyin bərpa edildiyi, mühüm islahatların aparıldığı və inkişafa nail olunduğu vurğulanır.

Bildirilir ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünyanın ən sürətli inkişaf edən iqtisadiyyatlarından birinə çevrilib. Azərbaycanın transregional enerji, nəqliyyat və infrastruktur layihələrini həyata keçirməsi, Cənubi Qafqazda lider ölkəyə çevrilməsi həmçinin, Azərbaycanda işsizlik və yoxsulluğun kəskin şəkildə azaldılaraq 5%-dən aşağı düşməsi, iqtisadiyyatın şaxələndirilməsi və neftdən gələn gəlirlərin insan kapitalına çevrilməsi ölkəmizdə həyata keçirilən uzunmuddətli strategiyanın nəticələri kimi qiymətləndirilir.

Məqalədə vurğulanır ki, əsrlər boyu Azərbaycanda müxtəlif din və xalqların nümayəndələri sülh şəraitində yaşayır, ölkədə zəngin tolerantlıq və multikulturalizm ənənələri mövcuddur və Bakı şəhəri mədəniyyətlərarası və dinlərarası dialoq üzrə yüksək səviyyəli tədbirlərin mühüm beynəlxalq mərkəzinə çevrilib. Eyni zamanda, Azərbaycanda idmana olan sevgi qeyd olunur və ölkəmizdə 2015-ci ilin 12-28 iyun tarixlərində Birinci Avropa Oyunları və 2017-ci ildə İslam Həmrəyliyi Oyunları kimi simvolik və unikal idman tədbirlərinin keçiriləcəyi bildirilir.

Səfir E.Sultanov Azərbaycanın üzləşdiyi ən böyük problem olan, Azərbaycan torpaqlarının 20%-nin Ermənistan tərəfindən işğalının davam etdirilməsini oxuculara çatdırır. Aparılan danışıqların nəticə verməməsinin əsas səbəbinin Ermənistan tərəfindən sülhə nail olunması üçün niyyətin olmadığı bildirilir. Ölkəmizin mövqeyini açıqlayan səfir, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, suverenliyi və ərazi bütövlüyü prinsipləri əsasında və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsinə uyğun olaraq həll edilməli olduğunu vurğulayır.

Azərbaycanın müstəqil, balanslı və çoxvektorlu xarici siyasət apardığını bildirən səfir E.Sultanov ölkəmizin Braziliya ilə hərtərəfli əlaqələrin inkişafına əhəmiyyət verdiyini qeyd edir. 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin qəbulu zamanı Braziliyanın Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi verdiyi dəstəyin əhəmiyyəti vurğulanır.

Məqalədə, Azərbaycan və Braziliya arasında son illər siyasi dialoq, ticarət, parlamentlərarası əlaqələr, mədəniyyət, idman və gənclər sahəsində önəmli dinamika müşahidə olunduğu bildirilir. Azərbaycanlı mütəxəssis Eyyub Tağıyevin 1962-1963-cü illərdə Braziliyada neft araşdırmalarına töhfə verdiyini vurğulanır. Həmçinin, bir müddət öncə baş tutmuş “Braziliya-Azərbaycan: Diplomatik Münasibətlər Seriyası” adı altında poçt markalarının təqdimatının iki ölkə arasında dostluq və əməkdaşlığın bariz nümunəsi olduğu göstərilir və gələcək ikitərəfli əməkdaşlıq üçün daha geniş inkanların mövcud olduğu qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR