2015-ci ilin I yarım illiyində ev təsərrüfatlarının istehlak xərcləri ötən ilin müvafiq dövrünə nəzərən 17,6% artıb

2015-ci ilin I yarım illiyində ev təsərrüfatlarının istehlak xərcləri ötən ilin müvafiq dövrünə nəzərən 17,6% artıb
# 11 avqust 2015 15:10 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin I yarım illiyində ev təsərrüfatlarının istehlak xərcləri ötən ilin müvafiq dövrünə nəzərən 17,6% artaraq 14,7 mlrd. manat təşkil edib ki, bu da ev təsərrüfatlarının gəlirlərinin 74,2%-ni təşkil edir.

APA-Economics”in xəbərinə görə, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının 2015-ci ilin 6 ayının yekunlarına həsr olunmuş Pul Siyasəti İcmalında qeyd olunub.

Məlumata əsasən, hesabat dövrü ərzində hər bir istehlakçı orta hesabla ayda 274,4 manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 manat çox əmtəə alıb və pullu xidmətlərdən istifadə edib.

“İstehlak xərclərinin artımı pərakəndə əmtəə dövriyyəsinin artımına şərait yaradıb. Dövr ərzində istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə istehlak bazarında satılmış əmtəə və xidmətlərin həcmi 11,9% artaraq 15,6 mlrd. manat təşkil edib. İstehlak bazarı üzrə real artımın 84,6%-i ticarət, 15,4%-i xidmətin hesabına yaranıb. Pərakəndə ticarət dövriyyəsinin həcmi 13,4% artaraq 12 mlrd. manat təşkil edib”, - deyə məlumatda vurğulanıb.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,5%-i qida məhsulları, içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.

Ümumilikdə, hər bir istehlakçı fərdi istehlak məqsədi ilə pərakəndə ticarət müəssisələrində orta hesabla ayda 104 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 105,9 manatlıq qeyri-ərzaq malları alıb. Qeyd edək ki, əsasən qeyri-ərzaq məhsullarının bir hissəsi elektron ticarət vasitəsilə satılıb. 2015-ci ilin yanvar-iyun aylarında elektron ticarət şəbəkəsində istehlakçılara əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfə çox istehlak malları satılıb. 2015-ci ilin yanvar-iyun ayları ərzində 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə ictimai iaşə dövriyyəsi 17,1%, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 6% artıb. İstehlak tələbinin artımına ilk növbədə əhali gəlirlərinin artımı şərait yaradıb. Belə ki, dövr ərzində əhalinin pul gəlirləri nominal olaraq 6,2%, real olaraq isə 2,7% artıb. Adambaşına düşən pul gəlirləri nominal olaraq 4,9%, real ifadədə isə 1,4% artıb. Əhalinin sərəncamında qalan gəlirlər 6,2% artaraq 18 mlrd. manat təşkil edib. Yanvar-may aylarında ölkədə orta aylıq əmək haqqı nominal ifadədə 3,8% artaraq 454,8 manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR