Uydurma “erməni soyqırımı”nı ifşa edən filmdə daşnak baş nazir Ovanes Kaçaznuninin etiraflarını Qafar Çaxmaqlı ermənicə səsləndirəcək

Uydurma “erməni soyqırımı”nı ifşa edən filmdə daşnak baş nazir Ovanes Kaçaznuninin etiraflarını Qafar Çaxmaqlı ermənicə səsləndirəcək
# 20 mart 2015 15:15 (UTC +04:00)

Bakı – APA. Uydurma “erməni soyqırımı” böhtanlarına qarşı dünya miqyasında mübarizə aparan Tələt Paşa Komitəsinin sifarişiylə çəkilən “1915” sənədli filmində Ermənistanın daşnak hökumətinin baş naziri olmuş Ovanes Kaçaznuninin etiraflarını erməni dilində Kayseridəki Ərciyəz Universitetinin azərbaycanlı müəllimi, dosent Qafar Çaxmaqlı səsləndirəcək.

Bu barədə APA-nın Türkiyə müxbirinə məlumat verən Tələt Paşa Komitəsinin sözçüsü Cüneyt Akalın deyib ki, Ovanes Kaçanznuninin etiraflarının ermənicə səsləndirilməsi sənədli filmin təsir gücünü daha da artıracaq.

“Bu işi yüksək səviyyədə görə biləcək mütəxəssis isə Qafar Çaxmaqlıdır. Sənədli filmin ssenarisindəki bəzi mətnləri də ermənicəyə Qafar Çaxmaqlı çevirib redaktə edəcək”, - deyə C. Akalın bildirib.

Ermənişünas alim Q. Çaxmaqlı isə APA-ya açıqlamasında bu cür önəmli bir layihədə yer almağın onu qürurlandırdığını vurğulayıb.

Ovanes Kaçanuninin etiraflarının Türkiyəyə qarşı yönəldilmiş “soyqırım” böhtanlarına qarşı mübarizədə ən obyektiv sənədlərdən biri olduğunu xatırladan Q. Çaxmaqlı qeyd edib ki, milli mübarizədə ona tapşırılan istənilən vəzifəni məmnuniyyətlə yerinə yetirməyə hazırdır.

Qeyd edək ki, Ermənistanın baş naziri olmuş Ovanes Kaçaznuni Daşnak partiyasının 1923-cü ildə Buxarestdə keçirilən konfransına təqdim etdiyi raportda imperialist dövlətlərin Osmanlı torpaqlarında dövlət qurma vədiylə erməniləri aldatdığını vurğulayıb. Daha sonra rusca kitab şəklində çap edilən raport Türkiyədə uzun müddət arxivdə qalandan sonra 10 il əvvəl “Kaynak” nəşriyyatı tərəfindən Türkcə çap edilib. Kitabı Türkcəyə İstanbuldakı Yedditəpə Universitetinin azərbaycanlı müəllimi, dosent Arif Acaloğlu tərcümə edib. Türkcə çap ediləndən sonra ingilis, fransız, alman, ərəb dillərinə də tərcümə edilən kitab “soyqırımı” böhtanlarına qarşı Türkiyənin dünya miqyasında apardığı haqlı mübarizədə önəmli mənbələrdən biri sayılır.

“Soyqırımı” böhtanlarına qarşı obyektiv dəlillər əsasında çəkilən sənədli filmin aprelin ortalarında Türkiyədə və Avropada nümayiş etdirilməsi gözlənilir. Sənədli filmdə “soyqırımı” böhtanlarını arxiv sənədləriylə puça çıxaran Türk və Qərb alimlərinin fikirlərinə geniş yer verilib, Qars, İqdır, Ərdahan bölgələrində ermənilərin Türklərə törətdiyi soyqırımlar işıqlandırılıb.

2011-ci ildən bəri Kayseridəki Ərciyəs universitetində işləyən azərbaycanlı alim, dosent Qafar Çaxmaqlı universitetdə ermənicə tədris bölümü yaradıb. 2013-cü ildə Kayseri universitetinin nəşriyyatı Qafar Çaxmaqlının “Ermenice kendi kendi öğrenme kitabı”nı nəşr edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR