Rüşvət almaqda təqsirləndirilən alimin apellyasiya şikayəti təmin edilib

 Rüşvət almaqda təqsirləndirilən alimin apellyasiya şikayəti təmin edilib
# 16 mart 2015 07:47 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Şirvan Apellyasiya Məhkəməsində Lənkəran Dövlət Universitetinin tərbiyə işləri üzrə prorektoru əvəzi vəzifəsində işləmiş, biologiya elmləri üzrə fəlsəfə doktoru Qorxmaz Ağayevin apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə qərarına əsasən, Q. Ağayevin cəzası 6 ildən 3 ilə endirilib.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi Lənkəran Dövlət Universitetində əməliyyat keçirib.

Araşdırmalar zamanı məlum olub ki, Ağayev Qorxmaz Kazım oğlu Lənkəran Dövlət Universiteti rektorunun 01 oktyabr 2012-ci il tarixli 1/66 №-li əmrinə əsasən universitetin tərbiyə işləri üzrə prorektoru əvəzi vəzifəsinə təyin olunub. Lakin o, faktiki olaraq əvvəl işlədiyi tədris şöbəsinin müdiri vəzifələrini də icra etməklə tədris şöbəsinin fəaliyyətinə rəhbərliyi həyata keçirib. Həmin ali təhsil müəssisəsinin fakültə və kafedralarında tədris işlərini təşkil etməklə, tədris yüklərinə dair tapşırıqları fakültələrə çatdırmaqla, onların əsasında işçi tədris planlarının hazırlanmasını, kafedralarda professor-müəllim, eləcə də tədrisə yardımçı heyət ştatlarının müəyyənləşdirilməsini, tədrislə bağlı bütün statistik məlumatların hazırlanmasını həyata keçirib.

Q. Ağayev 2013-cü ilin aprel ayının əvvəllərində universitetin «iqtisadiyyat və idarəetmə» fakultəsinin 3-cü kurs tələbəsi Mirzəzadə Kamil Pəhlivan oğlunun xəstəliyi ilə bağlı akademik məzuniyyət verilməsinə dair müraciətinə əsasən, sonuncudan qeyd olunan məzuniyyətin verilməsinə görə 2013-cü ilin mart ayının axırlarında 500 manat pulu istəyərək, 15 aprel 2013-cü il tarixdə saat 16 radələrində Lənkəran şəhəri, Həzi Aslanov xiyabanı, 50 ünvanında yerləşən universitetin inzibati binasındakı xidməti otağında 400 manat pulu ondan rüşvət kimi alıb.

Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq) və 311-ci (rüşvət alma) maddələrinə əsasən təqsirli bilinən Q. Ağayev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2 il müddətinə rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR