Nazir: “Təhsil Nazirliyi ilk dəfə olaraq peşə təhsili sahəsi üzrə yeni qəbul planı hazırlayıb”

Nazir: “Təhsil Nazirliyi ilk dəfə olaraq peşə təhsili sahəsi üzrə yeni qəbul planı hazırlayıb”
# 30 oktyabr 2014 10:37 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Bazar iqtisadiyyatı şəraitində hər bir təhsil müəssisənin fəaliyyətinin səmərəliliyi kadrlara əmək bazarında olan tələbatla ölçülür ki, bu da təhsil müəssisələrinin öz fəaliyyətlərinin şaxələndirilməsini, təhsil sistemində məzunlar tərəfindən alınan biliklərin iş təcrübəsində tətbiqinə yönəlmiş tədris planları tələb edir”.

APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, qarşıda duran məqsədlər ötən il imzalanmış Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında əksini tapıb: “Bu tədris ili üçün Təhsil Nazirliyi ilk dəfə olaraq peşə təhsili sahəsi üzrə hazırlanan qəbul planının tərtibatında ötən illərdə olduğu kimi mövcud bazadan çıxış edərək təklifini deyil, əmək bazarı və iqtisadiyyatın strukturunun tələbatlarını öyrənərək yeni qəbul planı hazırlayıb. İlk dəfə olaraq çalışmışıq ki, Azərbaycanın hər bir bölgəsindəki peşə təhsili müəssisələrinin maddi-texniki bazasını qiymətləndirək, iqtisadi inkişaf proqramından, iqtisadi inkişafdan irəli gələrək qəbul planı ehtiyaclara uyğunlaşdırılsın. Hər bir ilk dəfə həyata keçirilən iş kimi bu iş də qeyri-mükəmməl ola bilər. Biz ildən-ilə bu işin genişləndirilməsini edə bilərik”.

Nazir qeyd edib ki, mövcud olan kadrların yenidən hazırlanması, peşəkarlığının artırılması bütün təhsil pillələrində həyata keçirilə bilər: “Təhsil müəssisələri kadr hazırlığını həyata keçirərkən tədris prosesində onların qarşısında duran əsas məqsəd ondan ibarətdir ki, tədris prosesində əldə edilən biliklər məzunlar tərəfindən işəgötürənlərə lazım olan şəkildə tətbiq edilə bilsin. Bunun ən düzgün və qısa yolu bu işin işəgötürənlərlə birgə həyata keçirilməsidir. Təbii ki, bu əməkdaşlıq yalnız bir təhsil pilləsi ilə məhdudlaşmır, ali və orta ixtisas təhsili pilləsində də tətbiq olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR