Serbiyanın xarici işlər naziri: "Dağlıq Qarabağ münaqişəsinin qəti həllinə yönələn səyləri alqışlayırıq" - MÜSAHİBƏ

Serbiyanın xarici işlər naziri: "Dağlıq Qarabağ münaqişəsinin qəti həllinə yönələn səyləri alqışlayırıq"   - <span style="color: red;">MÜSAHİBƏ
# 09 sentyabr 2014 17:46 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Azərbaycanda səfərdə olan Serbiyanın xarici işlər naziri və baş nazirin birinci müavini İvitsa Daçiçin APA-ya müsahibəsi

– Səfərinizin məqsədi barədə soruşmaq istərdim. Kimlərlə görüşünüz nəzərdə tutulub və hansı məsələlərin müzakirəsi gözlənilir?

– Azərbaycana səfərimiz bizə imkan verir ki, xalqlarımız və dövlətlərimiz arasındakı ənənəvi dostluq münasibətlərini bir daha təsdiqləyək. Bütün sahələrdə münasibətlərimizi qarşılıqlı maraqlar və anlayış çərçivəsində inkişaf etdirməyə çalışacağıq.

Bu baxımdan, Azərbaycan rəhbərliyi ilə – prezident İlham Əliyev, baş nazir Artur Rəsizadə və xarici işlər naziri Elmar Məmmədyarovla gözlənilən görüşlərimiz məhz isti münasibətlərin yüksək səviyyədə olmasını göstərir və ölkələrimizin iqtisadi əməkdaşlığını genişləndirməyə xidmət edir.

– Azərbaycanla iqtisadi və siyasi əlaqələr hazırda hansı səviyyədədir? Ticarət dövriyyəsinin həcmi nə qədərdir və bunu yaxın illərdə necə inkişaf etdirməyi düşünürsünüz?

– Bu gün Azərbaycanla iqtisadi münasibətlər ola biləcəyi səviyyədə deyil. Son illərdə ikitərəfli münasibətlərin güclü inkişafı davamlı siyasi dialoqda müşahidə olunur ki, bu da 2013-cü ilin fevralında Azərbaycan və Serbiya arasında dostluq münasibətləri və strateji tərəfdaşlığa dair Sazişin imzalanmasına gətirib çıxardı. Beləliklə, iqtisadi əməkdaşlığın uğurlu və hərtərəfli inkişafına şərait yarandı. Hələ bu münasibətlər maksimuma çatmayıb, lakin irəliləyiş üçün geniş imkanlar var. Bizim iqtisadi əməkdaşlığımız kiçik mal dövriyyəsi ilə fərqlənsə də, 11-ci Dəhliz avtomagistralının bir hissəsinin kreditoru Azərbaycan hökumətidir və layihənin əsas podratçısı Azərbaycanın “Azvirt” şirkətidir. Bu nüans da eyni zamanda ikitərəfli münasibətləri əks etdirir.

Ticarət dövriyyəsi real imkanlar və tələbatdan çox aşağıdır. Ötən il bu göstərici 42 milyon avro təşkil edib. Biz iqtisadi əməkdaşlığı möhkəmləndirməklə bunu dəyişmək istəyirik. İntensiv və keyfiyyətli dialoq iki ölkə arasındakı hərtərəfli əməkdaşlığın təkan nöqtəsi sayılır. Əgər indiyə qədər yaranmış imkanlardan istifadə etsək, ticarət dövriyyəsi də qısa müddətdə bir neçə dəfə arta bilər. Biz maraqlıyıq ki, Azərbaycan kapitalı Serbiyadakı müəssisələrin özəlləşdirilməsində, eləcə də kənd təsərrüfatı, yeyinti sənayesi, kimya, əczaçılıq, informasiya texnologiyaları, infrastruktur və enerji layihələrinin reallaşdırılmasında iştirak etsin.

– Daha çox hansı sahələrdə əməkdaşlığın inkişafına tələbat böyükdür? Azərbaycanda hansı sahələr serb sahibkarlar üçün maraqlı ola bilər? Və yaxud, Serbiyada hansı sahələrə bizim sahibkarların maraq göstərməsini istəyirsiniz?

– Əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsi üçün imkanlar mövcuddur. Biz Azərbaycandan olan iş adamlarını Serbiyada, xüsusən də artıq birgə layihələrimizin olduğu energetika və infrastruktur sahələrində sərmayədar kimi görməyə çox şad olarıq. Yeni təklifləri də dəyərləndirməyə hazırıq. Həmçinin qeyd edim ki, Serbiyada azərbaycanlı iş adamları sərmayə yatırmaq üçün ən münbit şəraitlə təmin olunacaqlar.

– Serbiyanın TANAP layihəsində iştirakı gözlənilir. Bu məsələ ilə bağlı sizin də fikrinizi öyrənmək istərdik. Bu layihənin gerçəkləşməsindən sonra Serbiyanın idxal edəcəyi Azərbaycan qazının həcmi təxmin nə qədər hesablanır?

– Biz istər Serbiyadakı, istərsə də Avropadakı istehlakçıları stabil şəkildə enerji resursları ilə təmin edəcək istənilən layihəni alqışlayırıq. Hazırda bizim ölkənin diqqəti əvvəldən razılaşdırılmış “Cənub axını” layihəsinə yönəldilib, lakin TANAP layihəsi barədə də Azərbaycandan olan dostlarımızla danışmışıq və bu layihə bizim üçün əhəmiyyətini qorumaqdadır. Buna görə də, ümid edirik ki, Azərbaycan və onun tərəfdaşlarının birgə fəaliyyəti bütün iştirakçıların maraqlarını əks etdirəcək.

– Dünyada baş verən son hadisələr, xüsusilə də Şərqi Avropadakı proseslər Serbiyanın xarici siyasətinə və strateji tərəfdaş seçiminə necə təsir edəcək?

– Serbiyanın xarici siyasət prioritetləri Avropa Birliyinə üzvlük və istər Şərqdə, istərsə də Qərbdəki strateji tərəfdaşlarla əməkdaşlığımızın davam etdirilməsidir. Serbiyanın bütün diplomatik fəaliyyəti həm iqtisadi, həm də siyasi planda milli maraqlarımızın qorunmasına yönəlib. Serbiya hökuməti gələcəkdə də bu siyasəti davam etdirəcək. Serbiya dünyada hamı ilə dost münasibətlər saxlamağa və bu münasibətləri inkişaf etdirməyə, özünü regionda sabitlik faktoru kimi nümayiş etdirməyə çalışır. Hazırda xüsusi diqqəti növbəti il üçün gözlənilən ATƏT-ə sədrliyə yönəldirik. Çünki Avropada və dünyada siyasi və təhlükəsizlik baxımından çox çətin bir şəraitin olduğu halda, üzərimizə belə bir məsuliyyət götürürük.

– Sizin ölkəniz Avropa Birliyinin üzvlüyünə namizəddir. Bu istiqamətdə vəziyyət necədir? Nə kimi nailiyyətlər və çətinliklər görürsünüz?

– Avropa Birliyinə qatılmaq elə bir prosesdir ki, namizəd statusu aldınsa, geriyə yol yoxdur. Serbiya üçün isə üzvlük barədə danışıqların uğurla nəticələnməsi əsas prioritetlərdən biridir. Ölkədə vətəndaşların həyatının yaxşılaşdırılmasına, səmərəli idarəetməyə və hüquqların aliliyinə hesablanan bir çox əhəmiyyətli islahatlar həyata keçirilib. Bu yolda müxtəlif problemlərlə qarşılaşırıq, amma üzərimizə götürdüyümüz öhdəlikləri sona qədər davam etdirməkdə qətiyyətliyik. Hökumətin bu istiqamətdəki qətiyyəti şübhəsizdir.

– Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti ilə bağlı sizin də fikrinizi bilmək maraqlı olardı. Sülh prosesini daha sürətləndirmək üçün hansı addımlara ehtiyac var?

– Dağlıq Qarabağ cəbhəsində gərginliyin artması bizim tərəfimizdən də narahatlıqla qarşılanmışdı. Güc tətbiqindən çəkinmək və bütün imkanları danışıqlar prosesinin davam etdirilməsinə yönəltmək lazımdır. Serbiya bu münaqişənin sülh yolu ilə həllinə aparan hər cür dialoqu dəstəkləyir.

“Madrid prinsipləri”nə və Minsk Qrupunun mövqeyinə hörmət edərək, biz münaqişənin qəti həllinə yönələn səyləri alqışlayırıq.

– Ukraynadakı böhranla bağlı Avropa Birliyi və ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara münasibətiniz necədir? Bu sanksiyalar Serbiyaya necə təsir edəcək?

– Ukrayna böhranında Serbiyanın mövqeyi məlumdur. Biz öz təcrübəmizdən bilirik ki, sanksiyalar problemin həlli üçün yaxşı vasitə deyil və biz səmimi olaraq bütün problemlərin danışıqlar masası arxasında və diplomatik vasitələrlə həllinə tərəfdarıq. Serbiya AB üzvlüyünə namizəddir, amma Rusiya ilə yaxşı münasibətlərimiz də var. Bununla belə, fürsətdən yararlanaraq Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracatını artırmağa çalışmayacağıq. Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Atəşkəs rejimini də müsbət qarşıladıq. 2015-ci ildə ATƏT sədrliyimiz zamanı sülhün qorunmasında və danışıqlar prosesində aparıcı rol oynamağa hazır olduğumuzu bəyan edirik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR