“Neftçi”yə yeni vitse-prezident təyin olunub

“Neftçi”yə yeni vitse-prezident təyin olunub
# 01 oktyabr 2014 10:10 (UTC +04:00)

Bakı - APA. Bu gün “Neftçi” futbol klubunda iclas keçirilib. Apasport.az saytının məlumatına görə, klub prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə keçirilmiş iclasda vitse-prezident vəzifəsinə təyin olunmuş Elnur Məmmədov komanda üzvlərinə və inzibati heyətə təqdim edilib.

Təqdimat zamanı Sadıq Sadıqov yeni vitse-prezidentin təyinatı ilə bağlı fikirlərini bildirib: “Bir müddət idi ki, “Neftçi”də vitse-prezident vəzifəsi boş idi. Bu vəzifəyə gənc və bacarıqlı bir insanı dəvət etdik. Elnur Məmmədov futbol sahəsində fəaliyyət göstərmiş və idarəçilik qabiliyyəti olan gənc mütəxəssisdir. Onunla “Neftçi”nin “Bakcell Arena”da keçirilmiş oyunlarında da həmsöhbət olmuşuq. Onun futbol sahəsindəki fəaliyyətinə bələdik. “Neftçi” Azərbaycan futbolunun ən köklü klubudur. Bu komanda hər zaman ən yüksək yerlər və ən ali mükafatlar uğrunda mübarizə aparır. Məqsədimiz bu uğurların davamını gətirmək və daha böyük nailiyyətlərə imza atmaqdır. İnanıram ki, Elnur Məmmədov futbol sahəsindəki bacarığı ilə bizə bu işdə kömək edəcək. Ona gələcək işlərində uğurlar arzulayırıq və əminik ki, onun təyinatı klubumuz üçün faydalı olacaq”.

Qeyd edək ki, Avroliqada “Koper”lə ilk oyundan sonra vitse-prezident postundan istefa verən Tahir Süleymanovun səlahiyyətlərini Mübariz Xudiyev müvəqqəti olaraq icra edirdi. E.Məmmədov isə buna qədər AFFA-da İnfrastruktur və İT direktoru kimi çalışırdı. Bu gündən o, AFFA-nın rəsmisi sayılmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR