Xaçmazda “Vətənin müdafiəsinə hazıram” mövzusunda kütləvi tədbir keçirilib

Xaçmazda “Vətənin müdafiəsinə hazıram” mövzusunda kütləvi tədbir keçirilib
# 09 dekabr 2014 12:21 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Bu gün Xaçmaz şəhərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Vətənin müdafiəsinə hazıram” mövzusunda kütləvi tədbir keçirib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, tədbirdə Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Səfərbərlik SHXÇDX-nin rəis müavini Zaur Abdullayev, şimal bölgəsində fəaliyyət göstərən icra hakimiyyətlərinin nümayəndələri, şəhid ailələri və məktəblilər iştirak edib.

Mərasimdə çıxış edənlər gənclərin ölkəmizin inkişafındakı rolundan danışıblar. Tədbirdə bildirilib ki, bu cür tədbirlərin keçirilməsinin məqsədi güclü ordu quruculuğu prosesinin əhəmiyyətinin ictimaiyyətə çatdırılması, qəhrəmanlıq nümunələrinin təbliği, Vətənə, xalqa və dövlətçilik ideyalarına hörmət hisslərini gücləndirmək, gənc nəsli milli dövlətçilik ruhunda tərbiyə etmək, doğma torpağa sədaqət hissini möhkəmləndirmək, hər an Vətənin müdafiəsinə qalxmağa hazırlığı yüksəltməkdir.


Tədbirdə şəhidlik zirvəsinə ucalmış şəxslərin valideynlərinə xüsusi mükafatlar təqdim edilib. Gənc nəslə Vətənə, torpağa sevgi, vətənpərvərlik hisslərinin aşılanmasında böyük rolu olan çağırışaqədər hərbi hazırlıq müəllimlərinə və bu dərslərdə fəal iştirak edən şagirdlərə də mükafatlar verilib.


Tədbirin bədii hissəsində şagirdlər vətənpərvərlik mövzusunda şerlər deyib. Daha sonra Şəmistan Əlizamanlının ifasında eyni mövzuda mahnılar dinlənilib. Bu cür tədbirlərin mütəmadi olaraq ölkəmizin digər bölgələrində də keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR