Qazax sakini keçmiş arvadı ilə qayınanasını bıçaqlayıb

Qazax sakini keçmiş arvadı ilə qayınanasını bıçaqlayıb
# 13 noyabr 2014 15:02 (UTC +04:00)

Qazax. Azər Məmmədli - APA. Qazaxda bıçaqlanma hadisəsi baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Aslanbəyli kəndində qeydə alınıb.

Kənd sakini Teymur Eminov keçmiş həyat yoldaşı, 25 yaşlı Aybəniz İsmayılovanı və onun anası, 59 yaşlı Güləbətin İsmayılovanı bıçaqlayıb. Xəsarət alan ana və qızı Qazax rayon Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.

Yaralıların bildirdiyinə görə, qəfildən əlində bıçaqla evə daxil olan keçmiş kürəkən Teymur Eminov Aybənizə tərəf gələrək “sən məndən boşana bilməzsən” deyib. Heç nəyə məhəl qoymayan Teymur qızın saclarından tutaraq “səni öldürəcəyəm” deyib. Onları aralamağa çalışan Güləbətin İsmayılova başından bıçaqlanıb. Daha sonra Teymur həyat yoldaşına yaxınlaşaraq onun boyun nahiyəsindən bıçaq xəsarəti yetirib.

Ailə üzvlərinin bildirdiyinə görə, Aybəniz Teymurdan dörd ay əvvəl rəsmi qaydada boşanıb. Hadisə ilə bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR