Rövnəq Abdullayev Atlantik Şurasının sammitində iştirak edib

Rövnəq Abdullayev Atlantik Şurasının sammitində iştirak edib
# 24 noyabr 2014 11:05 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Noyabrın 20-21-də İstanbulda ABŞ-ın mühüm “beyin mərkəz”lərindən olan Atlantik Şurasının “Enerji və iqtisadiyyat” mövzusunda VI sammiti keçirilib.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) “APA-Economics”ə verilən məlumata görə, sammitdə ABŞ-ın vitse-prezidenti Co Bayden və Türkiyənin baş naziri Əhməd Davudoğlu da iştirak ediblər.

ARDNŞ-in prezidenti Rövnəq Abdullayev “21-ci əsrdə Enerji Təmini və Tələbatının Kritik Mənbələri” adlı sessiyada çıxış edib. O, bildirib ki, iqtisadiyyatı yüksək sürətlə inkişaf edən Azərbaycan bölgənin siyasi və iqtisadi cəhətdən lider dövlətlərindən birinə çevrilib və Azərbaycanın enerji sektoru “Əsrin Müqaviləsi”nin imzalanmasından bəri son 20 ildə çox önəmli uğurlara imza atıb: “Ölkəmiz artıq mühüm neft ixracatçısı olmaqla yanaşı, həyata keçirdiyi böyük təbii qaz layihələri ilə də dünyanın diqqət mərkəzinə çevrilib”.

İki ay əvvəl Bakıda təməli qoyulan “Cənub Qaz Dəhlizi”nin gələcək perspektivləri haqqında ətraflı məlumat verən R. Abdullayev qeyd edib ki, bu dəhliz vasitəsilə Avropa davamlı, təmiz və alternativ enerjiyə sahib olacaq: “Bu isə aktual olaraq qalan enerji təhlükəsizliyinə verilən töhfədir. Avropadakı təbii qaz tələbatının 2030-cu ildə 610 mlrd. kubmetrə, təbii qaz idxalatının isə illik 400 mlrd. kubmetrə yüksələcəyi təxmin edilir ki, bu da “Cənub Qaz Dəhlizi”nin önəmini artırmaqdadır”.

“Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi kimi Azərbaycan və Türkiyənin ortaq həyata keçirdiyi TANAP layihəsindən danışan ARDNŞ-in prezidenti qeyd edib ki, Türkiyənin 2023-cü il hədəflərinə çata bilməsi üçün o vaxta qədər enerji sektoruna təxminən 100-120 mlrd. dollar məbləğində investisiya qoyulmalıdır: “TANAP-ın sərmayə dəyəri 10-12 mlrd. dollar təşkil edir. Deməli, TANAP təkbaşına Türkiyənin enerji sektorunda ehtiyac duyulan investisiya tutarının 10%-ni təmin edəcək. SOCAR-ın Türkiyədəki investisiyalarına TANAP-ı da əlavə etsək, hədəflədiyimiz 20 mlrd. dollarlıq yatırım ilə bu ehtiyacın 20%-ni qarşılaya biləcəyimizi düşünürük. Bu isə Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə ilə qardaşlıq və strateji əməkdaşlığa verdiyi önəmin və Türkiyəni Azərbaycandan ayrı tutmadığımızın, bir gördüyümüzün ən bariz göstəricisidir”.

R. Abdullayev “Cənub Qaz Dəhlizi”nin son halqası olan Trans Adriatik Boru Xətti (TAP) layihəsi haqqında da danışıb. Qeyd olunub ki, Türkiyə-Yunanıstan sərhədindən başlayan, Albaniyadan keçərək İtaliyaya uzanacaq bu kəmər TANAP-la nəql olunacaq Azərbaycan qazını Avropaya daşıyacaq.

Çıxışının sonunda R. Abdullayev ARDNŞ-in bölgənin daha yüksək inkişafına, regional və qlobal işbirliyinin artırılmasına, bütün dünyada enerji təhlükəsizliyinin təmin edilməsinə olan dəstəyini bundan sonra da davam etdirəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR