Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib
# 02 dekabr 2014 16:01 (UTC +04:00)

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan məsələlərin xidməti fəaliyyətin mühüm sahələrini əhatə etdiyini, insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının etibarlı təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib, göstərilən istiqamətlərdə fəaliyyətin təkmilləşdirilməsinin, qanunvericilik aktlarının, o cümlədən Dövlət Proqramlarının tələblərinə uyğun qurulmasının, əməliyyat-xidməti fəaliyyətdə qabaqcıl beynəlxalq təcrübənin tətbiqinin qarşıda duran əsas vəzifələrdən olduğunu deyib.

Qeyd olunub ki, cari ilin ötən dövründə daxili işlər orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər bütövlükdə qənaətbəxş olub, əldə edilmiş müsbət təmayüllər cari ilin on bir ayında da qorunub saxlanılıb.

Polisin əsas vəzifələrindən biri olan narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması və təqsirləndirilən şəxslərin axtarışının təşkili üzrə də davamlı iş aparılır, bu sahədə görülən işlər Kollegiya iclaslarında və əməliyyat müşavirələrində geniş müzakirə olunur, fəaliyyətin daha da yaxşılaşdırılması üçün yerlərə lazımi göstərişlər verilir, əməli köməklik göstərilir. Nazir son illər hər iki istiqamətdə işin daha səmərəli yerinə yetirildiyini, lakin əldə edilmiş nəticələrin reallığı tam əks etdirmədiyini, uğurlarla yanaşı, ayrı-ayrı ərazi polis orqanlarının fəaliyyətində hələ də ciddi nöqsan və çatışmazlıqların mövcudluğunu diqqətə çatdırıb.

İclasa yekun vuran nazir gündəlikdəki məsələlər üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu, eyni zamanda, bəzi ərazi orqanlarında mövcud nöqsanların aradan qaldırılmasını, ilin sonunadək bu istiqamətlərdə əsaslı dönüş yaradılmasını tələb edib, konkret tapşırıq və tövsiyələrini verib.

O, narkotik vasitələrin qeyri-qanuni yollarla respublikamıza gətirilməsinin qarşısının alınması, yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın gücləndirilməsi baxımından ərazi polis orqanları, aidiyyəti dövlət qurumlarının nümayəndələri və müvafiq sahənin mütəxəssisləri ilə birgə narkomanlığın cəmiyyətə və insanların sağlamlığına zərəri, doğurduğu fəsadlar barədə ayrı-ayrı əmək kollektivlərində, orta ixtisas və ali təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd olunub ki, "ağ ölüm"ə qarşı səmərəli mübarizə yalnız kompleks şəkildə həyata keçirilən belə əməkdaşlıq sayəsində aparıla bilər.

İlin başa çatmasına bir ay qaldığını diqqətə çatdıran Ramil Usubov cinayətkarlığa qarşı mübarizədə səylərin daha da artırılmasının, narkotiklərin qanunsuz dövriyyəsi, axtarışda olanların tutulması işinə bütün qüvvə və imkanların səfərbər olunmasının, əməliyyat-xidməti fəaliyyətin səmərəliyinin yüksəldilməsinin əhəmiyyətini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR