Azərbaycan bazarında 100% İran kapitallı sığorta şirkəti yaradıla bilər

Azərbaycan bazarında 100% İran kapitallı sığorta şirkəti yaradıla bilər
# 25 yanvar 2010 11:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yanvar ayının 28-də Bakıda «Azər Asiya» sığorta şirkətinin səhmdarlarının növbəti iclası keçiriləcək. Bunu «APA-Economics»ə açıqlamasında «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti Hüquq Departamentinin direktoru Əfqan Mirzəyev bildirib.

Ə.Mirzəyevin sözlərinə görə, toplantıda İran investorları «Azərsığorta»nın «Azər Asiya» sığorta şirkətindəki 51%-lik payının alınması təklifini irəli sürəcəklər.

Qeyd edək ki, sonuncu dəfə keçirilən iclasda iranlı səhmdarlar müştərək şirkətin ləğv edilməsinə dair müvafiq komissiyanın yaradılmasına razılıq verməyib. Səsverməyə iranlı səhmdarlar qatılmadığı üçün ləğvetmə komissiyasının yaradılması məsələsində yetərsay təmin olunmayıb.

Xatırladaq ki, 2008-ci ilin fevral ayının 11-də Maliyyə Nazirliyi «Azər-Asiya» sığorta şirkətinin lisenziyasının müddətini uzatmaqdan imtina edib. Şirkətin lisenziyasının dayandırılmasına əsas səbəb nazirlik tərəfindən aparılan yoxlamalar zamanı sığorta qanunvericiliyinə əməl edilməməsi və lisenziyanın tələblərinə və şərtlərinə uyğunsuzluq olub. İranlı səhmdarlar yol verilmiş nöqsanları aradan qaldırmağa, həmçinin şirkətin nizamnamə fondunu 10 mln. manata artırmağa razıdır.

Xatırladaq ki, təsisçisi İranın «Asiya Sığorta» (49%) və «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti (51%) olan «Azər-Asiya» sığorta şirkəti 1997-ci ildən fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR